İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib

ELAZ.İNFO xəbər verir ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
Dövlət başçısı çıxışında Azərbaycanın multikulturalizm ənənələrindən, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin əhəmiyyətindən, eləcə də ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolundan bəhs edib.
Prezident İlham Əliyev münaqişələrin həlli və davamlı sülhün təmin olunması məsələlərinə toxunaraq, Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsini mühüm təcrübə kimi dəyərləndirib. O, beynəlxalq hüququn prinsiplərinin qorunmasının və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların yolverilməz olduğunu bildirərək, dövlətlərin suverenliyinə və daxili işlərinə hörmətlə yanaşılmasının əhəmiyyətini qeyd edib.
Çıxışında Azərbaycanın iqtisadi inkişafı, enerji və nəqliyyat sahələrindəki mövqeyi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər də diqqətə çatdırılıb.
Prezident İlham Əliyev Forumun qlobal problemlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
İlahə BAYINDIR




