İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malikini qəbul edib.
Görüşdə ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də beynəlxalq əhəmiyyətli təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, dövlət başçısının Forumda çıxışının böyük maraqla qarşılandığını qeyd edərək, müasir dünyada davam edən münaqişələr fonunda müharibələrin dayandırılması və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Səlim bin Məhəmməd əl-Maliki ICESCO-nun fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib. O, Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Baş direktor, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrindən bəhs edib.
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Görüşdə Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyi və təşkilata sədrlik edəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev ölkəmizin həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyinin davam etdiriləcəyini vurğulayıb.
Sonda Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq gündəliyində yer alan məsələlər müzakirə olunub.
İlahə BAYINDIR




