ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə diplomatik və hərbi gərginlik yeni bir mərhələyə qədəm qoyub. İranın Xarici İşlər naziri Abbas Araqçı Rabatda verdiyi bəyanatda ABŞ-ın bölgədəki rolunu kəskin tənqid edib.
Abbas Araqçı bildirib ki, hazırkı qarşıdurmalardan əvvəl regionda hər hansı bir “İran təhlükəsi” mövcud olmayıb. Onun sözlərinə görə, bu anlayış süni şəkildə yaradılıb. Nazir vurğulayıb ki, ABŞ Yaxın Şərqdəki münaqişələrdə müstəqil oyunçu kimi deyil, birbaşa “İsrailin adından” iştirak edir. İranlı diplomatın bu açıqlaması bölgədə ABŞ hərbi logistikasına edilən son hücumlar və İsrailin hava əməliyyatları fonunda gəlir. Araqçı qeyd edib ki, Vaşinqtonun dəstəyi olmasaydı, İsrailin bu qədər genişmiqyaslı hərbi fəaliyyət göstərməsi mümkün olmazdı.
ELAZ.İNFO xatırladır ki, bu bəyanat rəsmi Tehranın ABŞ-a qarşı ritorikasının sərtləşdiyini və diplomatik danışıqlar masasından uzaqlaşma riskinin artdığını göstərir.
Ruslan MƏMMƏDOV