7 il susan sirr: itkin düşdü, 7 il sonra qətlin izi su quyusundan çıxdı


O, 2019-cu ilin martında evdən çıxdı və bir daha geri qayıtmadı. Axtarışlar başladı, illər keçdi, izlər itdi. Ailə cavabsız suallarla qaldı. Cinayət işi isə bir müddət sonra dayandırıldı. Lakin yeddi il sonra həmin dosye yenidən açıldı və illərdir gizli qalan dəhşətli həqiqətin izinə düşüldü.
Söhbət Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Məmmədovdan gedir.
İstintaqın yeni mərhələsində onun sadəcə itkin düşmədiyi, qəsdən öldürüldüyü barədə əsaslı şübhələr müəyyən edilib. Daha dəhşətlisi isə budur ki, istintaqın versiyasına görə, cinayətin izlərini gizlətmək üçün meyit istifadəsiz su quyusuna atılıb.
Yeddi il ərzində cavabsız qalan sual
Nadir Məmmədov 2019-cu ilin martında yaşadığı evdən çıxıb. Onun geri qayıtmaması ilə bağlı polisə müraciət edilib, daha sonra cinayət işi başlanıb.
Aparılan axtarışlara baxmayaraq, həmin vaxt onun harada olduğu müəyyən edilməyib. Cinayət işi üzrə icraat sonuncu dəfə 2022-ci ilin oktyabrında dayandırılıb.
Amma iş tamamilə unudulmayıb.
Sonrakı illərdə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri, eləcə də əvvəllər toplanmış sübutların yenidən təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin arxasında qəsdən adam öldürmə cinayətinin dayandığı müəyyənləşdirilib.
Şübhəli şəxs tutuldu, etiraf gəldi
İstintaqın məlumatına görə, Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov onun öldürülməsində şübhəli bilinir.
Rəsmi məlumata əsasən, hadisə 23 mart 2019-cu ildə baş verib. İstintaqın versiyasına görə, Ələkbərov Nadir Məmmədovu avtomobilinə mindirib Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən evinə aparıb. Həmin gecə avtomobildə onu boğaraq öldürdüyü və cinayətin izlərini gizlətmək üçün meyiti həyətdəki istifadəsiz su quyusuna atdığı bildirilir.
Sentyabrın 20-də Ramiz Ələkbərov şübhəli şəxs qismində tutulub. DİN-in məlumatına görə, müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verib və cinayəti törətdiyini etiraf edib.
Daha sonra ən sarsıdıcı məqam üzə çıxıb.
Quyuda nə tapıldı?
Şübhəli şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Onun göstərdiyi istifadəsiz su quyusunda qazıntı aparılıb.
Qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük qalıqları aşkarlanaraq götürülüb. Onların kimə məxsus olduğu ekspertiza və istintaq çərçivəsində müəyyənləşdirilməlidir.
Beləliklə, yeddi il əvvəl başlayan itkinlik işi artıq tamam başqa mənzərə alıb.
Bir insanın harada olduğu illərlə bilinməyib. Axtarışlar nəticə verməyib. Cinayət işi dayandırılıb. Ancaq illər sonra istintaq həmin şəxsin qətlə yetirildiyi barədə əsaslı şübhələr əldə edib və mümkün dəfn yerinə aparan izi tapıb.
İndi qarşıda cavab gözləyən çoxsaylı suallar var: cinayətin dəqiq motivi nə olub, hadisənin bütün detalları necə baş verib və quyudan tapılan sümük qalıqları Nadir Məmmova məxsusdurmu?
İstintaq davam edir.
Yeddi il susan bu sirrin bütün detalları isə məhkəmə və istintaqın nəticələri ilə aydınlaşacaq.
İlahə BAYINDIR





