ELAZ.İNFO verir ki, MCP Salyan təşkilatının sədri Ruslan Məmmədov ölkədə sahibkarlıq mühiti, investisiya cəlbediciliyi və biznesin qarşısında dayanan süni maneələr barədə kəskin təkliflərlə çıxış edib. Sədr bildirib ki, kağız üzərində olan azadlıqlar real iqtisadi güzəştlərlə möhkəmləndirilməlidir.
Ruslan Məmmədovun sözlərinə görə, Azərbaycanda sahibkarların fəaliyyəti üçün lazımi hüquqi baza yaradılsa da, istehsal prosesindəki yüksək xərclər yerli məhsulun rəqabət qabiliyyətini aşağı salır:
Bəli,ölkəmizdə sahibkarlar diqqət mərkəzindədir, onlar sərbəst və azaddırlar. Lakin reallıq budur ki, bir sahibkar məhsulunu bazara çıxarana qədər o qədər yüksək xərclərlə üzləşir ki, sonda təklif etdiyi qiymət alıcı üçün sərfəli olmur. Biz sahibkara elə şərait yaratmalıyıq ki, o, minimum xərclə maksimum keyfiyyət istehsal edə bilsin.
Təşkilat sədri sahibkarların ən çox narazı qaldığı məqamlardan birinə – kommunal ödənişlərə toxunub: Bu gün sahibkar üçün kommunal tələbatların quraşdırılmasında hələ də ciddi məhdudiyyətlər var. Ən əsası, kommunal ödənişlərin ‘qeyri-əhali’ tarifi ilə, üstəlik heç bir güzəştli limit olmadan hesablanması istehsalçının belini bükür. Təklif edirəm ki, sahibkarlar üçün bu limitlər ləğv edilməli və xüsusi güzəştli tariflər tətbiq olunmalıdır.
Müsahibimiz vurğulayıb ki, yeni iş yerlərinin açılmasında sahibkarın üzərinə düşən sosial sığorta yükü dövlət tərəfindən bölüşdürülməlidir: Yeni fəaliyyətə başlayan müəssisələrdə çalışan işçilərin sosial ödənişləri bir müddət (məsələn, 3-5 il) tam dövlət təminatına götürülməlidir. Bu addım həm kölgə iqtisadiyyatının qarşısını alar, həm də sahibkarın rəsmi işçi saxlamaq marağını artırar.
Ruslan Məmmədov xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorlar üçün xüsusi rejimin tətbiqini təklif edib: Rayonlarda və kəndlərdə iş qurmaq biznesmen üçün riskli bir addım kimi deyil, böyük bir fürsət kimi görünməlidir. Hazırda bir çox investor regionlara getməkdən qorxur. Niyə? Çünki infrastruktur xərcləri və yerli bürokratiya onları çəkindirir. Kənd təsərrüfatı istehsalçılarına, xüsusən də ixrac yönümlü məhsul hazırlayanlara ‘yaşıl dəhliz’ və vergi tətilləri verilməlidir.

Sonda MCP Salyan sədri qeyd edib ki, iqtisadi tərəqqi üçün istehsalçıya verilən imtiyazlar xərclənmiş pul deyil, gələcəyə yatırılmış investisiyadır: Əgər biz regionların canlanmasını istəyiriksə, investor və istehsalçıya xüsusi status verməliyik. Onların marağını qorumaq yerinə maneələr yaratsaq, investisiya axınını dayandırmış olarıq.