İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Zelenski bildirmişdi ki, “Ukrayna dronları Moskvada, 9 mayda keçiriləcək “bu paradda da uça bilər”.
ELAZ.İNFO TASS-a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə hiddətlənən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə avropalıların laqeydliyini xüsusi olaraq vurğulayıb.
Zaxarova deyib ki, “Əgər Aİ ölkələri ictimai təhdidləri susdura biləcəklərini, Zelenskinin aqressiv açıqlamalarını, sanki desək, ört-basdır edə biləcəklərini düşünürlərsə, çox yanılırlar. Biz Qərb azlığının 9 maya münasibətini yaxşı bilirik: onlar sistematik şəkildə Sovet xatirə irsini məhv edir, sovet əsgərlərinin küllərini çıxarır, tarixi yenidən yazır və təhrif edirlər”.
Məlum məsələdir ki, 9 may Rusiya üçün simvolik məna daşıyır. Məhz bu gün Rusiya özünün güc və hərbi qüdrətini müasir dünyaya təntənə ilə bir daha xatırladır. Təbəəliyində olanları boyun əyməyə, olmayanların isə gözünü qorxutmağa çalışır. Dünyada sözünün keçərli olduğunu, söz və güc sahibi olduğunu nümayiş etdirir. Fikrimcə, hər ilin 9 may günü Rusiyanın Qırmızı Meydanında xüsusi təntənə ilə keçirilən Qələbə bayramı qeyd etdiyim mənaları özündə ehtiva edir.
Demək parad yoxdursa, bayram yoxdursa güclü və qüdrətli Rusiya da yoxdur. O, bu ilin 9 may gününü xüsusi təntənə ilə qeyd edə bilməyəcəyi tərəddüdü ilə qarşı-qarşıyadır. Özünü İkinci Dünya Müharibəsinin, sovetlər dövrünün yeganə qəhrəman imperiyası kimi tanıdan Rusiyanın bu ilin 9 may gününü təntənə ilə qeyd edəcəyi sual altındadır. Çünki Ukrayna dövləti, Prezident Zelenski bu bayrama görə Putin Rusiyasına gözünü ağardıb. Təklif və minnətlərə baxmayaraq, Zelenski inadından əl çəkmir. Bu inadına səbəb isə may ayının 5 və 6 tarixlərində atəşkəs bağlanmasına baxmayaraq, Rusiyanın Ukrayna ərazilərini bombardman etməsidir. Zelenski güzgü effektindən istifadə edəcəyini vurğulayıb. Elə bu səbəbdəndir ki, ola bilər ki, bu ilki 9 may Qələbə günündə nə hərbi marş, nə xüsusi dəvət olunmuş qonaqlar, nə də də hərbi texnikalar hərbi paraddan keçməyəcəklər.
Bu arada ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın Bryansk və Rjev sakinlərinə dron hücumu edilib. Nəticədə Bryanskda biri uşaq olmaqla 13 nəfər yaralanıb, Rjevdə isə 350 nəfər xəsarət almadan müvəqqəti olaraq mənzillərindən təxliyə edilib.
İlahə BAYINDIR
