Xırdalan sakinləri yüksək gərginlikdən zərər çəkdi – məsuliyyət kimdədir?

Xırdalan sakinləri yüksək gərginlikdən zərər çəkdi – məsuliyyət kimdədir?

Xırdalan şəhərində yerləşən yaşayış binasında baş verdiyi bildirilən yüksək gərginlik hadisəsi nəticəsində çoxsaylı mənzillərdə elektrik avadanlıqları sıradan çıxıb. Sakinlər məsuliyyətin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdirilməsini və dəymiş ziyanın ödənilməsini tələb edirlər.

ELAZ.INFO xəbər verir ki, bu gün Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən yaşayış binasının sakinləri səhər saatlarında elektrik şəbəkəsində baş vermiş nasazlıqla üzləşiblər.

Sakinlərin sözlərinə görə, mənzillərə normadan xeyli yüksək gərginlikdə elektrik cərəyanı verilməsi nəticəsində bir sıra mənzillərdə qısaqapanma baş verib, müxtəlif elektrik avadanlıqları sıradan çıxıb.

Hadisədən narahat olan sakinlər məsələ ilə bağlı binanın idarəçiliyinə və aidiyyəti qurumlara məlumat veriblər. Bildirilir ki, Abşeron Rayon Elektrik Şəbəkəsi də hadisə barədə məlumatlandırılıb.

Sakinlərin iddiasına görə, Xırdalan Elektrik İdarəsinin nümayəndələri onlara bildiriblər ki, şəbəkədən verilən elektrik cərəyanının binanın həyətində yerləşən paylayıcı qurğuda düzgün tənzimlənməməsi nəticəsində bu hadisə baş verib.

Digər tərəfdən, binanın tikintisi və idarəçiliyində iştirak edən Viləşçay MMC-nin sədr əvəzedicisi İsrafil Hüseynov isə məsuliyyətin elektrik təsərrüfatını idarə edən quruma aid olduğunu bildirib.

Hazırda bina sakinləri dəymiş maddi ziyanın ödənilməsi və hadisəyə görə məsul şəxslərin müəyyənləşdirilməsini tələb edirlər. Onların sözlərinə görə, bir çox mənzildə istifadə olunan məişət texnikası və digər elektrik avadanlıqları yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, sözügedən yaşayış binasında əvvəllər də müxtəlif idarəetmə problemləri yaşanıb. Bununla bağlı müxtəlif vaxtlarda mediada və sosial şəbəkələrdə məlumatlar yayılıb.

Sakinlərin təqdim etdiyi məlumata əsasən, Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən binanın idarə olunması ilə bağlı mübahisələr üzrə müvafiq qərarlar qəbul edilib. Həmin qərarlardan narazı qalan tərəfin Ali Məhkəməyə müraciət etdiyi bildirilir.

Bəzi sakinlər iddia edirlər ki, binada vaxtaşırı elektrik enerjisi və su təchizatının dayandırılması halları baş verir və bunun qəsdən edildiyini düşünürlər.

P.S. ELAZ.INFO məsələnin obyektiv işıqlandırılması məqsədilə Viləşçay MMC-nin, Xırdalan Elektrik İdarəsinin və digər aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırdır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın