Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu: Son vəziyyəti açıqlanıb

23.09.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu səhhətində yaranan problemlə əlaqədar cərrahi əməliyyat keçirib.

Məlumata görə, sənətçi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət edib. Müayinələrdən sonra onun əməliyyat olunmasına qərar verilib. Cərrahi müdaxilənin uğurla başa çatdığı və sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilib.

Ramiz Həsənoğlu bir neçə gün hospitalda müalicə aldıqdan sonra evə buraxılıb. Sənətçinin özü də son vəziyyəti barədə danışaraq hazırda evdə olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Uzun illər Azərbaycan teatr, kino və televiziya sahəsində fəaliyyət göstərən Ramiz Həsənoğlu rejissor kimi çoxsaylı tamaşa və ekran əsərlərinə imza atıb. Onun yaradıcılığı Azərbaycan səhnə və televiziya mədəniyyətinin mühüm səhifələrindən biri kimi qiymətləndirilir.

Sənətçinin əməliyyat xəbərinin yayılmasından sonra onun həmkarları və sənətsevərlər tərəfindən xoş arzular səsləndirilib.

Hazırda Ramiz Həsənoğlunun vəziyyətinin yaxşı olduğu bildirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁37