Bakıda böyük kitab bayramına hazırlıq: 12-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək


ELAZ.İNFO xəbər verir ki, Bakıda kitabsevərləri böyük ədəbi-mədəni tədbir gözləyir. 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Bu il sərginin əsas mövzusu “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” olacaq. Mövzunun seçilməsi xüsusilə uşaqlar və yeniyetmələr arasında mütaliə vərdişlərinin gücləndirilməsi məsələsini ön plana çıxarır.
Yeddi gün davam edəcək sərgidə yerli və beynəlxalq nəşriyyatların, kitab mağazalarının, poliqrafiya müəssisələrinin və müxtəlif yaradıcılıq təşkilatlarının iştirakı nəzərdə tutulur. Proqram çərçivəsində müəlliflərlə görüşlər, kitab təqdimatları və müxtəlif ədəbi-bədii tədbirlər keçiriləcək.
Sərginin proqramında xarici yazıçı və tədqiqatçıların iştirakı ilə görüşlərin keçirilməsi də planlaşdırılır. Belə tədbirlər Azərbaycan oxucusunun yeni müəlliflərlə tanış olması, yerli ədəbiyyatın təbliği və nəşriyyatlar arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyət daşıyır.
Kitab sərgisinin uşaqlara həsr olunan mövzusu isə ayrıca diqqət çəkir. Telefon və sosial şəbəkələrin gündəlik həyatın mühüm hissəsinə çevrildiyi bir dövrdə kitabın uşaqların dünyagörüşündə yerinin qorunması məsələsi yenidən gündəmə gəlir.
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-də qapılarını açacaq və oktyabrın 27-dək davam edəcək.
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin rəsmi saytı
Günel GÜNTAC





