Rusiya ilə Şimali Koreya (KXDR) arasında hərbi-siyasi əlaqələrin sürətli inkişafı fonunda Kremldə növbəti yüksək səviyyəli diplomatik qəbul baş tutub. İki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə dərinləşməsi qlobal geosiyasi gündəmin diqqət mərkəzindədir.
ELAZ.İNFO xəbər verir ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Kremldə rəsmi səfərdə olan Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər naziri Ço Son Hini (Цой Сон Хи) qəbul edib.
Görüş zamanı Rusiya lideri iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib və əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Vladimir Putin Rusiya ordusunun həyata keçirdiyi xüsusi hərbi əməliyyatda Moskvaya göstərdiyi hərbi-siyasi yardıma görə Şimali Koreya rəhbərliyinə və xalqına növbəti dəfə dərin minnətdarlığını ifadə edib.
Rusiya Prezidenti döyüşlərdə iştirak edən, Rusiya ordusuna kömək göstərən və dövlət mükafatlarına layiq görülən koreyalı hərbçilərin şücaətinin Rusiyada heç vaxt unudulmayacağını və onların qəhrəmanlıqlarının daim xatırlanacağını xüsusi vurğulayıb. O, həmçinin KXDR Dövlət İşləri üzrə sədri Kim Çen Ina öz səmimi salamlarını və təbriklərini çatdırıb.
Öz növbəsində KXDR Xarici İşlər naziri Ço Son Hi səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Şimali Koreya lideri Kim Çen In Rusiya ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsinə dair strateji öhdəliklərə sadiqliyini bir daha təsdiqləyib. Nazir, həmçinin Pxenyanın Moskvanın təhlükəsizlik böhranlarının ilkin səbəblərini aradan qaldırmaq istiqamətindəki səylərinə tam dəstək verdiyini diqqətə çatdırıb. Kremldə keçirilən geniştərkibli görüşdə Rusiya tərəfindən Xarici İşlər naziri Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov da iştirak ediblər.
Ruslan MƏMMƏDOV


