Madonna, Şakira, Castin Biber, Ronaldo və Ronaldinyo eyni səhnədə!

Madonna, Şakira, Castin Biber, Ronaldo və Ronaldinyo eyni səhnədə!

Dünya futbolunun ən böyük zirvəsi olan 2026-cı il dünya çempionatının final matçı təkcə idman mübarizəsi ilə deyil, həm də idman tarixinə düşəcək misilsiz böyük fasilə şousu ilə yadda qalıb. Nyu-Yorkda təşkil olunan bu möhtəşəm şouya görə final oyununun hissələrarası fasiləsi ümumilikdə 27 dəqiqə davam edib.

ELAZ.İNFO xəbər verir ki, dünya estradasının və futbolunun ən parlaq ulduzları Qara dənizdən Atlantikaya qədər milyonlarla insanı ekran başına kilidləyən finalın fasiləsində xüsusi proqramla çıxış ediblər. Şou pop musiqisinin kraliçası Madonnanın ifasında “Music Inferno” mahnısına çəkilmiş xüsusi klip və canlı performansla başlayıb. Səhnələşdirilmiş nömrədə Madonna avtomobildə dünya çempionu titulunu daşıyan əfsanəvi braziliyalı futbolçular Ronaldo və Ronaldinyo ilə birlikdə yer alıb. İfanın sonunda hər üç ulduz stadionun tribunaltı keçidindən birbaşa meydana daxil olaraq estafeti digər sənətçilərə ötürüblər.

Daha sonra səhnəyə məşhur venesuelalı dirijor Qustavo Dudamel çıxıb. Onun rəhbərlik etdiyi simfonik orkestr “The White Stripes” qrupunun məşhur “Seven Nation Army” hitini ifa edib. Musiqinin kulminasiya nöqtəsində bütün musiqiçilər hərəkətsiz dayanıb və stadionun nəhəng ekranlarında Norveç milli komandasının futbolçuları ilə azarkeşlərinin məşhur ritualı nümayiş etdirilib – bütün stadion ritmə uyğun olaraq xəyali avarlarla avarçəkmə hərəkətləri ifa edib. Dərhal sonra Cənubi Koreyanın dünyaca məşhur BTS qrupu səhnədə “Dynamite” mahnısı ilə enerjili rəqs və ifa nümayiş etdirib.

Şounun növbəti sürprizi məşhur Amerika serialı “Ted Lasso”nun qəhrəmanları olub. Baş məşqçi və köməkçisi rollarının ifaçıları – aktyorlar Ceyson Sudeykis və Brendan Hant meydanın kənarında peyda olaraq kanadalı müğənni Castin Biberi çıxışdan öncə ruhlandırıblar. Biber stadionda “Everything Hallelejah” mahnısını canlı səsləndirib. Möhtəşəm konsert proqramını kolumbiyalı ulduz Şakira tamamlayıb. O, nigeriyalı musiqiçi Burna Boy ilə birlikdə dünya çempionatının qeyri-rəsmi himni olan “Dai Dai” kompozisiyasını ifa edib. Parlaq sarı-çəhrayı çimərlik kostyumunda səhnəyə çıxan Şakira özünəməxsus rəqsləri ilə stadionu coşdurub.

Bütün bu vizual şou yaşıl meydançanın üzərinə sərilmiş xüsusi parça örtük üzərində baş tutub. Həmin örtüyün üzərində dünyanın müxtəlif dillərində, o cümlədən rus dilində “любовь” (sevgi), “мир” (sülh), “исследовать” (kəşf etmək) və “связь” (əlaqə) sözləri yazılıb. Qeyd edək ki, bu unudulmaz şounun ardından İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın