“Ukrayna əsirliyindəki işgəncə faktları qeydə alınır”

Qlobal münaqişə fonunda hərbi əsirlərin statusu, onlarla rəftar və beynəlxalq humanitar hüquq normalarının qorunması məsələsi dünya birliyinin diqqət mərkəzində qalmaqdadır. Qarşılıqlı ittihamlar fonunda əsirlikdən azad edilən şəxslərin hüquqlarının müdafiəsi və yaşadıqları qanunsuzluqların sənədləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən addımlar atılır.

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Yana Lantratova Rusiya hərbçilərinə və mülki şəxslərə qarşı Ukrayna tərəfində qeydə alındığı iddia edilən işgəncə, təhqir və digər hüquq pozuntuları barədə TASS agentliyinə açıqlama verib. Federasiya ombudsmanının sözlərinə görə, daxil olan hər bir məlumat ciddi şəkildə araşdırılır və qeydiyyata alınır.

Y.Lantratova bildirib ki, müvəkkili olduğu aparat Ukrayna ərazisindən geri qayıdan Rusiya hərbi qulluqçularına və mülki şəxslərə qarşı qəddar rəftarın bütün sübutlarını sənədləşdirir. İşgəncə, hədə-qorxu, qanunsuz saxlanılma və digər qanun pozuntuları ilə bağlı bütün müraciətlər dərhal icraata götürülür.

Ombudsman bu istiqamətdə fəaliyyətin hər bir əsir dəyişdirilməsi prosesi zamanı birbaşa həyata keçirildiyini diqqətə çatdırıb: “Biz azad edilmiş hərbi qulluqçularla və evlərinə qaytarılması mümkün olan mülki şəxslərlə yerindəcə ünsiyyət qururuq. Bizim üçün faktları qeydə almaq, onlara hansı növ — tibbi, psixoloji, yoxsa hüquqi yardımın lazım olduğunu müəyyənləşdirmək son dərəcə vacibdir”.

Lantratova daxil olan məlumatların bir qisminin əlavə yoxlamalar tələb etdiyini, bu səbəbdən “verifikasiya (dəqiqləşdirmə) prosesi başa çatana qədər” müraciətlərin dəqiq sayını açıqlamaq istəmədiyini qeyd edib. Bununla belə, o, Rusiya tərəfi üçün heç bir ifadə və şəhadətin diqqətdən kənarda qalmayacağını qətiyyətlə vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın