Regionda turizm infrastrukturunun inkişafı və ziyarətçi məmnuniyyətinin artırılması istiqamətində növbəti addım atılıb.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən Qax rayonunun turizm potensialının daha səmərəli təşviqi və turistlərin məlumatlılığının artırılması məqsədilə xüsusi Qax bələdçi xəritələrinin paylanılması həyata keçirilib.
İkidilli xəritədə geniş zəngin məlumatlar
Azərbaycan və ingilis dillərində hazırlanmış bələdçi xəritəsində aşağıdakı obyektlər və istiqamətlər barədə əhatəli məlumatlar yer alıb:
Tarixi və təbii irs: Qax rayonunun mərkəzi və kəndlərində yerləşən tarixi-mədəni irs nümunələri, muzeylər və təbiət əraziləri;
Marşrutlar: Turizm marşrutları və dağ yürüşü cığırları;
İnfrastruktur: İctimai iaşə obyektləri, yerləşmə müəssisələri və ziyarətçilər üçün vacib xidmət məntəqələri.
Turistlər üçün tam ödənişsiz əlçatanlıq
Hazırlanmış xəritələr rayon ərazisində fəaliyyət göstərən mehmanxana tipli yerləşmə müəssisələrinə, ictimai iaşə obyektlərinə və digər turizm subyektlərinə paylanılaraq turistlərin ödənişsiz istifadəsinə verilib.
Həyata keçirilən bu fəaliyyət Qaxın zəngin tarixi-mədəni və təbii irsinin tanıdılması, regionun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dayanıqlı turizm destinasiyası kimi inkişafına mühüm töhfə vermək məqsədi daşıyır.
Ruslan Məmmədov


