Təhsil Müəssisələrində Geyim Tələblərinin Qanunvericilik Və Hüquqi Əsasları: Dövlətçilik, Milli Kimlik Və Təhlükəsizlik Konteksti


Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri və dünyəvilik prinsipi ilə bağlı məsələlər son dövrlər normativ-hüquqi baza, konstitusion balans və milli təhlükəsizlik prizmasından geniş müzakirə olunmaqdadır.
ELAZ.İNFO xəbər verir ki, ölkəmizin dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri ilə bağlı birbaşa “hicab qadağası” termini ilə ayrıca qanun mövcud deyil. Bu məsələ bir-birini tamamlayan normativ-hüquqi aktlar əsasında formalaşır və onları aşağıdakı xronoloji ardıcıllıqla göstərmək olar:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib və dövlət məktəblərində şagird geyiminin əsas çərçivəsi müəyyənləşdirilib.
- Azərbaycan Respublikasının 7 iyul 2026-cı il tarixli 434-VIIQD nömrəli Qanunu ilə “Ümumi təhsil haqqında” Qanuna “millilik və dünyəvilik” anlayışı əlavə edilib, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub.
- Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2026-cı il tarixli 729 nömrəli Fərmanı ilə 434-VIIQD nömrəli Qanunun tətbiqi təmin edilərək Nazirlər Kabinetinə təhsilverənlərin geyimi ilə bağlı tələbləri müəyyən etmək və 96 nömrəli Qərarı yeni qanunvericiliyə uyğunlaşdırmaq tapşırılıb.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə 96 nömrəli Qərara dəyişiklik edilərək müəyyən edilmiş məktəb geyiminin vahidliyini pozan, habelə “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən” istifadəyə yol verilmədiyi müəyyənləşdirilib.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” ayrıca təsdiq edilib.
Mühüm məqam ondan ibarətdir ki, 309 nömrəli Qərarın mətnində “hicab” və ya “başörtüyü” sözləri birbaşa işlədilmir; “dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri” ifadəsindən istifadə olunur.
Məsələnin Konstitusion tərəfi isə daha həssasdır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin III hissəsi dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını, 25-ci maddəsi ayrı-seçkiliyin yolverilməzliyini, 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi vicdan və dini etiqad azadlığını, 71-ci maddəsi isə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və məhdudlaşdırılmasının konstitusion çərçivəsini müəyyən edir. Burada hüquqi problem dünyəvi təhsil prinsipi ilə vicdan azadlığının qarşı-qarşıya qoyulması deyil, onların konstitusion balansının müəyyən edilməsidir.
Nəticə etibarilə, yaranmış hüquqi vəziyyət normativ kolliziya, yəni hüquq normaları arasında ziddiyyət və hüquqi qeyri-müəyyənlik yaradan vəziyyət kimi qiymətləndirilə bilər. Mümkün kolliziyanın aradan qaldırılması, müvafiq normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunun müəyyən edilməsi və onların tətbiqi ilə bağlı konstitusion-hüquqi məsələlərə hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir.
Bu məsələnin hüquqi tərəfi, təbii ki, hicab probleminin bütün mahiyyətini əhatə etmir. Məsələ həm də Azərbaycan dövlətçiliyinin, milli kimliyin, ideoloji müstəqilliyin və milli təhlükəsizliyin qorunması kontekstində ciddi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında xarici təsirlərlə bağlı açıqlamaları da mahiyyət etibarilə mümkün təhlükələrin qabaqlanmasına və bu risklərə qarşı hazırlıqlı olmağa yönəlmiş xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Bu gün dini təbliğat vasitəsilə Azərbaycana xarici təsir göstərilməsi, dinin siyasi alətə çevrilməsi və dini mənsubiyyətin milli kimlikdən üstün tutulması milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Bəzi inanclı insanların dini məsələlərdə xarici dini mərkəzlərin və din xadimlərinin mövqelərini əsas meyar kimi qəbul etməsi dövlət suverenliyi və milli kimlik baxımından potensial risklər yaradır.
Dinin siyasiləşdirilməsi yalnız milli kimliyə deyil, İslamın ictimai nüfuzuna və İslam dünyasının birliyinə də zərər vurur. Dini siyasi məqsədlərə tabe etmək inanclı insanların dinə və dini institutlara etimadını zəiflədə bilər.
Azərbaycan xalqının milli kimliyi yalnız dini mənsubiyyətlə müəyyənləşmir. Türk etnosunun tarixi yaddaşı, adət-ənənələri və mədəni irsi, o cümlədən Umay Ana obrazı milli kimliyin qədim qatlarını təşkil edir. İslamla milli adət-ənənələr arasında formalaşmış mədəni sintez milli kimliyin ayrılmaz hissəsidir. Buna görə dini mənsubiyyət xalqın tarixini, dilini və etnik-mədəni irsini arxa plana keçirməməlidir.
Hicab məsələsinin kəskinləşdirilməsi və Azərbaycana qarşı siyasi məqsədlərlə istismar olunması ehtimalı da nəzərə alınmalıdır. Problem dini etiqad azadlığı, dünyəvi təhsil, milli kimlik və təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Nə dini hisslərin siyasi manipulyasiyasına, nə də hüquqi əsaslar olmadan məhdudiyyətlərin tətbiqinə yol verilməlidir.
Əsas məsələ dini etiqad azadlığını inkar etmək deyil, dinin xarici siyasi təsir vasitəsinə çevrilməsinin qarşısını almaq, Azərbaycanın ideoloji müstəqilliyini və milli kimliyini qorumaqdır.
Vüqar DADAŞOV,
Hüquqşünas





