Din Adı Altında Təxribat Və Dövlətçiliyə Həmlə: Din Şəhidlərin Qanı İlə Qorunan Dövlətimizə Və İslamın Mahiyyətinə Qarşı Çıxmaqdır

13.10.2026

Məktəblərə hücum, təhsil müəssisələrini dağıtmaq və dini radikal üsullarla istismar etmək İslamın mahiyyətinə, Əhli-Beyt irsinə və Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş ağır xəyanət kimi dəyərləndirilir.

ELAZ.İNFO xəbər verir ki, İlahiyyatçı Tural İrfan ölkədə dini mövzular fonunda törədilən iğtişaşlar, xarici dairələrin təxribatçı planları və İslam dininin əsl mahiyyəti ilə bağlı kəskin və əsaslı mövqeyini bildirib. Məktəbə Hücum Dini Qadağalara Bəhanə Yaratmaq Məqsədi Daşıyır. İlahiyyatçı vurğulayıb ki, məktəb müəyyən mənada müqəddəs məkandır və İslamda onun yeri məscid qədər önəmlidir:

“Məktəbə hücum məscidə, Allah evinə hücum deməkdir. Məktəbi dağıtmaq, yandırmaq, müəllimlərin şərəf və ləyaqətini nalayiq ifadələrlə təhqir etmək sübut etdi ki, bu iğtişaşları yaradanlar və idarə edənlər tamamilə din düşmənidir. Məqsəd İslam dinini vəhşi obrazda təqdim edərək qadağalara, məhdudiyyətlərə səbəb olmaq, nəticədə də bu bəhanə ilə daha böyük təxribatlara rəvac verməkdir”.

Dində iğtişaşlar yaratmağın, təxribat törətməyin, qeyri-sivil və radikal üsullarla etiraz bildirməyin qəti olaraq haram və qadağan olduğunu xatırladan Tural İrfan, hüquqi yollarla tələbləri əsaslandırmaq əvəzinə İran rejiminin planlarına uymağı Allaha üsyan və böyük cinayət adlandırıb. T. İrfan qeyd edib ki, söyüş, təhqir, dövlət mülkiyyətini dağıtmaq və cinayətə çağırıış üsulları yalnız ideoloji imperiya siyasətinə əsaslanan mənfur fars şüubiyyəsinə xasdır:

“O rejim üçün din müqəddəs və toxunulmaz dəyər deyil, hədəfə çatmaq üçün bir alətdir. Ona uyub İslam dinini təsir alətinə çevirmək olmaz. Fars molla rejiminin xüsusiyyətidir ki, siyasi məqsədlərinə müsəlman ölkələrinə külli miqdarda narkotik və zəhərli ideologiya yeritməklə çatsın. Necə ki, Livanı, İraqı, Yəməni hazırda narkotik və zərərli ideologiya yuvasına, terror mənbəyinə çeviriblər”.

Azad olunmuş Məscidləri Bərpa Edən Dövlətə Qarşı Çıxmaq Xəyanətdir. İlahiyyatçı Qumda toplaşan terrorçu qrupların fitnəkar bəyanatlarına uyanları kəskin tənqid edərək, Azərbaycan dövlətinin dinə və milli-mənəvi dəyərlərə verdiyi dəstəyi xüsusi qeyd edib:

“İslam dəyərlərini qoruyub yaşadan, donuz salınan məscidləri İran və Ermənistan işğalından azad edən, məscidlər tikən, bu məscidlərdə zəngin ədəbiyyatlı kitabxanalar quran, bütün dinc dini ayinlərin keçirilməsinə şərait yaradan dövlətə qarşı çıxmaq Allaha, İslama, Həzrət Muhəmmədə, Əhli-Beytə və 12 İmama qarşı çıxmaqdır, naşükürlük və xəyanətdir. Bu xəyanət İmam Hüseyni məktubla çağırıb qılıncla qarşılamaq qədər ağır xəyanətdir”.

Radikalizm Əhli-Beyt Yolu Deyil, Əməvi MetodudurTural İrfan tarixi faktlara nəzər salaraq bildirib ki, Həzrət Muhəmməd, İmam Əli və Əhli-Beyt əsla təxribatçı planlar qurmayıb, söyüş kampaniyaları və iğtişaşlar təşkil etməyiblər:

“Zor, iğtişaşlar, terror, təhqir və söyüş Əhli-Beytin yox, Əməvilərin üsulu idi. Əhli-Beyt elmlə, hikmətlə, humanizmlə, dua və səbrlə fəaliyyət göstərirdi. İmam Cəfər Sadiq Qumda terrorçu yetişdirmirdi, Mədinədə alim, həkim, astronom, kimyaçı yetişdirirdi və buyururdu: ‘Din yalnız məhəbbətdir!’ Əhli-Beytin arxasında gizlənib bu ali dəyərləri xarici təxribatlara alət etmək İslam hüququna görə cinayətdir”.

Sonda ilahiyyatçı bütün səmimi və savadlı inanclı insanları xarici maraqlara alət olmamağa, təxribatlardan çəkinməyə və şəhidlərimizin qanı ilə suvarılan müqəddəs dövlətimizin ətrafında sıx birləşməyə çağırıb.

Tural İRFAN,

İlahiyyatçı

Bizi izləyin və paylaşın
👁34