Tehran–Vaşinqton xəttində gərginlik: Danışıqlar üçün yeni tarix açıqlanıb

28.09.2026

ELAZ.İNFO xəbər verir ki, ABŞ və İran arasında gərginliyin fonunda diplomatik kanallar tam bağlanmayıb. Əksinə, tərəflər arasında növbəti dolayı danışıqlar raundunun 28 sentyabrda keçirilməsi planlaşdırılır.

“Axios”un məlumatına görə, Qətərli vasitəçilər Vaşinqton və Tehran arasında “məkik diplomatiyası”nı davam etdirərək tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırlar. Görüşlərin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla ayrı-ayrılıqda keçirilməsi nəzərdə tutulur.

Lakin danışıqların nəticəsinin necə olacağı hələ məlum deyil. Tərəflər arasında əsas fikir ayrılıqlarının aradan qaldırılıb-qaldırılmayacağı danışıqların əsas məsələlərindən biri olaraq qalır.

Bununla yanaşı, İran son günlər ABŞ-a qarşı sərt mövqeyini də nümayiş etdirir. İran tərəfi ABŞ-ın hərbi təzyiqi və limanlara tətbiq olunan blokada aradan qaldırılacağı təqdirdə Hörmüz boğazının bir həftə ərzində yenidən açılmasına hazır olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp isə sentyabrın 22-də İranla danışıqların davam etdiyini və müəyyən razılaşmanın əldə olunacağına inandığını açıqlayıb. O, eyni zamanda İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bildirib.

Beləliklə, Tehran–Vaşinqton xəttində mənzərə ziddiyyətlidir: bir tərəfdə sərt bəyanatlar və hərbi gərginlik, digər tərəfdə isə vasitəçilər üzərindən diplomatik təmaslar davam edir.

28 sentyabr görüşünün əsas əhəmiyyəti də məhz bu iki xəttdən hansının üstünlük qazanacağının müəyyənləşməsi baxımından ortaya çıxır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁23