Mahir Məmmədov yenidən FİDE rəhbərliyində

28.09.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan şahmatının beynəlxalq arenadakı təmsilçiliyi ilə bağlı mühüm qərar qəbul edilib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib.

Seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində FIDE Konqresində baş tutub. Məmmədov növbəti dörd il ərzində Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini davam etdirəcək.

O, ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifəyə gətirilib.

Konqresdə FIDE prezidentliyi üzrə də seçki keçirilib. Timur Turlov ikinci turda 110 səslə qalib gələrək növbəti dörd il üçün quruma rəhbərlik etmək hüququ qazanıb.

Mahir Məmmədovun yenidən vitse-prezident seçilməsi Azərbaycanın beynəlxalq şahmat təşkilatındakı təmsilçiliyinin daha dörd il davam edəcəyi anlamına gəlir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁26