TƏBİB-də yeni kadr dəyişiklikləri:

TƏBİB-də yeni kadr dəyişiklikləri: Bir neçə rəhbər vəzifə yenilənib

ELAZ.İNFO xəbər verir ki,  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur və rəhbər heyətlə bağlı yeni dəyişikliklər həyata keçirilib.

Məlumata görə, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən bununla bağlı bir sıra əmrlər imzalanıb.

Dəyişikliklər çərçivəsində qurumun bəzi struktur bölmələrinin fəaliyyəti yenidən təşkil olunub. Belə ki, Beynəlxalq əlaqələr departamentinin əsasında yeni şöbə yaradılıb və Atilla-Turan Nuru oğlu Bayramov həmin bölməyə rəhbər təyin edilib.

İki struktur bölməsi birləşdirilib

TƏBİB-də aparılan digər dəyişiklik Müraciətlərlə iş istiqamətini əhatə edib.

Müraciətlərlə iş departamentinin İnzibati idarəetmə departamentinə birləşdirilməsi qərara alınıb. Bu dəyişiklikdən sonra İlham Həqiqət oğlu Hüseynov həmin vəzifədən azad edilib.

Yeni strukturda İnzibati idarəetmə və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə Elvin Fikrət oğlu Bayramov gətirilib.

Təlim və tədqiqatlar departamentində də dəyişiklik

Kadr yenilənməsi TƏBİB-in Təlim və tədqiqatlar departamentindən də yan keçməyib.

Departamentin rəhbəri Teymur Adışirin oğlu Mirzəbəyli tutduğu vəzifədən azad edilib. Onun yerinə Elza Rafiq qızı Əfəndiyeva təyin olunub.

Beləliklə, son dəyişikliklərlə TƏBİB-in bir sıra struktur bölmələrinin həm təşkilati quruluşunda, həm də rəhbər heyətində yenilənmə aparılıb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın