“Müəllimə savadsız deməyin” – Keçmiş məktəb direktorundan sertifikasiya imtahanları ilə bağlı diqqətçəkən paylaşım edib.
ELAZ.İNFO xəbər verir ki, uzun illər məktəb direktoru işləmiş Gülnaz Abdullayeva müəllimlərin sertifikasiya imtahanlarında aşağı nəticə göstərməsinin hər zaman savadsızlıqla bağlı olmadığını bildirib.
Keçmiş direktor sosial şəbəkə hesabında paylaşdığı xatirəsində qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı tarix fənni üzrə imtahanda iştirak edib və həmin vaxt şahidi olduğu hadisə onun yaddaşında dərin iz buraxıb.
Onun sözlərinə görə, imtahan zamanı qarşısında əyləşən təxminən 60 yaşlı müəllim kompüterdən istifadə etməkdə ciddi çətinlik çəkirdi. Müəllim test səhifələri arasında keçid edə bilmir, dəfələrlə nəzarətçidən kömək istəyirdi. Nəzarətçi ona texniki dəstək göstərsə də, vaxt itirdiyi üçün sualların bir hissəsini cavablandıra bilməyib və sonda göz yaşları içində imtahan zalını tərk edib.
Gülnaz Abdullayeva hesab edir ki, bir çox yaşlı müəllimin aşağı nəticə göstərməsinin əsas səbəbi fənn biliklərinin zəif olması deyil, kompüter bacarıqlarının kifayət qədər inkişaf etməməsi olub.
Keçmiş direktor onu da bildirib ki, həmin hadisədən sonra rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün dərsdən sonra könüllü və ödənişsiz kompüter təlimləri təşkil edilib. Onun sözlərinə görə, əvvəllər noutbukdan istifadə etməkdə çətinlik çəkən müəllimlər sonrakı illərdə sertifikasiya imtahanlarında yüksək nəticələr əldə ediblər.
Paylaşımını “Müəllimə savadsız deməyin!” sözləri ilə yekunlaşdıran Gülnaz Abdullayeva əlavə edib ki, hətta dünyanı fəth etməyə çalışan Napoleon Bonapartın belə imtahanlardan çəkinməsi barədə məşhur fikir mövcuddur.
İlahə BAYINDIR


