Milli geyim yenidən dəbdə: İçərişəhərdə Azərbaycan modasının fərqli üzü göstərildi

29.09.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan modasında milli motivlərin müasir təqdimatı son illər daha çox diqqət çəkir. Bunun növbəti nümunəsi Bakının tarixi məkanlarından birində keçirilən ilk Milli Geyim Günü festivalında nümayiş etdirildi.

İçərişəhərdə, Şirvanşahlar Sarayının qarşısında dizayner Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub. Tarixi memarlıq fonunda nümayiş etdirilən geyimlər müxtəlif dövrlərin ənənəvi üslubunu müasir baxışla birləşdirib.

Burada diqqətçəkən məqam yalnız geyimlərin nümayişi deyil. Milli geyimlərin muzey eksponatı kimi deyil, gündəlik həyat və müasir moda ilə əlaqəli şəkildə təqdim edilməsi olub.

Gülnarə Xəlilovanın kolleksiyalarında tarixi geyim nümunələri, ənənəvi ornamentlər və milli texnikalar müasir dizayn elementləri ilə yenidən işlənir. Onun layihələri müxtəlif illərdə ABŞ, Böyük Britaniya, Türkiyə, İsveç, Avstriya, Çin, Qazaxıstan və digər ölkələrdə də nümayiş etdirilib.

Milli Geyim Gününün yaradılması ideyasının da yeni olmadığı məlumdur. Dizayner bu təşəbbüsü ilk dəfə 2006-cı ildə irəli sürüb. Onun fikrincə, milli geyimin ailədə qorunması uşaqların tarix və mədəniyyətə marağının formalaşmasına da təsir göstərə bilər.

İçərişəhərdəki nümayiş isə bir daha göstərdi ki, ənənəvi geyim yalnız keçmişin yadigarı deyil. Düzgün təqdimatla o, müasir moda dünyasında da öz yerini tapa bilər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁20