Qaqauziyada Başçı Seçkilərinin İkinci Turuna Çıxan Namizədlər Bəlli Oldu

Moldovanın Qaqauz Muxtar Vilayətinin başçısı (başkanı) vəzifəsi uğrunda keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Bütün bülletenlərin hesablanmasından sonra səsvermənin ikinci turunda yarışacaq iki əsas siyasətçinin adı müəyyənləşib.
ELAZ.INFO xəbər verir ki, eçki Komissiyasının ilkin məlumatlarına istinadən xəbər yayıb.
Nəticələrə əsasən, Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo seçicilərin 38 faizinin, Sosialist Partiyasının namizədi Fyodor Qaqauz isə 24 faizinin səsini toplayaraq növbəti mərhələyə adlayıblar. Diqqətçəkən məqam ondan ibarətdir ki, hər iki siyasətçi seçkiqabağı platformalarında Rusiya ilə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunub saxlanılmasının vacibliyini xüsusi vurğulayıblar.
Muxtar bölgə rəhbərinin növbədənkənar seçkiləri ilə paralel olaraq Qaqauziya Xalq Məclisinə də seçkilər keçirilib. 35 birmandatlı dairə üzrə 23 namizədlə mübarizəyə qoşulan Sosialist Partiyası ilkin mərhələdə mütləq səs çoxluğu əldə edə bilməyib — partiyanın 3 namizədi ilk turda qalib gəlib, 10-u ikinci tura keçib, digər 10 namizəd isə mübarizəni dayandırıb. Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası isə bölgədəki aşağı reytinqi səbəbindən bu seçkilərə açıq şəkildə qatılmayıb.
Xatırladaq ki, Qaqauziya rəhbəri postu bölgənin sabiq başçısı Yevgeniya Qutsulun məhkəmə hökmündən sonra boş qalmışdı. Belə ki, Qutsul “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntularına yol verməkdə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilib. O isə öz növbəsində ittihamları rədd edərək, bu qərarın Kişinyovdakı qərbyönlü hakimiyyətin siyasi sifarişi olduğunu bildirmişdi.
Ruslan MƏMMƏDOV




