samuxda qarayara şübhəsi

Samuxda qarayara şübhəsi: 9 nəfər xəstəxanaya yerləşdirilib

ELAZ.İNFO xəbər verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumata görə, xəstəliyə şübhəli bilinən ilk şəxsdən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.

Araşdırmalar zamanı xəstə heyvanla təmasda olmuş 9 nəfər müəyyən edilərək Gəncədə yerləşən Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bildirilib ki, həmin şəxslərin əsas hissəsi Samux rayonunun sakinləridir. Təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb, onların laborator müayinəsi üçün nümunələr toplanaraq Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hazırda hadisə ilə əlaqədar epidemioloji tədbirlər davam etdirilir. Aidiyyəti qurumların məlumatına əsasən, əhalinin geniş şəkildə yoluxması müşahidə olunmur və vəziyyət nəzarətdə saxlanılır.

Mütəxəssislər vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin şübhəli heyvan mənşəli məhsullarla təmasdan uzaq durmağı tövsiyə edir. Qarayara xəstəliyinə şübhə yaradan əlamətlər müşahidə olunduğu halda tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, qarayara heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdən biridir. Xəstəliyin insandan-insana keçməsi isə çox nadir hallarda baş verir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın