Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonun Yolüstü kənd tam orta ümumtəhsil məktəbinin binasında kənd sakinləri ilə növbəti səyyar görüş keçirib.
ELAZ.İNFO xəbər verir ki, görüşdə rayon rəhbərliyi, aidiyyəti qurumların rəsmiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan bəhs edib. Natiq vurğulayıb ki, dövlət səviyyəsində görülən bütün işlər və həyata keçirilən tədbirlər yalnız bir amala — əhalinin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.
Görüş zamanı o da qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində hər zaman əsas prioritetlərdən biridir. Bu cür səyyar qəbulların keçirilməsinin əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə birbaşa xidmət etdiyi bildirilib. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan bəzi müraciətlərin dərhal yerindəcə həll edilməsi məqsədilə aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Əlavə araşdırma və zaman tələb edən digər məsələlər isə nəzarətə götürülüb. İcra Hakimiyyəti tərəfindən bu müraciətlərin icra vəziyyətinin mütəmadi olaraq izlənəcəyi diqqətə çatdırılıb.
Ruslan MƏMMƏDOV
