.Azərbaycan idmanında növbəti tarixi uğura imza atılıb. Masallı rayonunun yetirməsi olan perspektivli MMA döyüşçüsü Tahir Hikmət oğlu Abdullayev dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri hesab edilən UFC (Ultimate Fighting Championship) ilə rəsmi müqavilə bağlayıb.
ELAZ.İNFO xəbər verir ki, bu müqavilə ilə Tahir Abdullayev həm Masallı rayonunun, həm də bütövlükdə Azərbaycanın adını beynəlxalq idman arenasının ən yüksək zirvəsinə daşıyıb. Tahir Abdullayevin peşəkar idman karyerasına gedən yolu erkən yaşlarından böyük əzmkarlıqla başlayıb: İdman fəaliyyətinə hələ 11 yaşından qədəm qoyub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş növü üzrə məşqlərə başlayıb. O, ilk idman bilik və bacarıqlarını təcrübəli məşqçi-müəllim Təhməsib İsayevin rəhbərliyi altında mənimsəyib.
Uzun illər boyu davam edən gərgin məşqlər, intizam və məqsədyönlü fəaliyyət idmançının peşəkar döyüş arenasında öz sözünü deməsinə zəmin yaradıb. Dünyanın ən güclü döyüşçülərinin cəmləşdiyi UFC platformasında ölkəmizi təmsil edəcək Tahir Abdullayevə növbəti rəqibləri ilə qarşılaşmalarda uğurlar arzulayırıq!
Ruslan MƏMMƏDOV
