Deputat Razi Nurullayev yanğın bölgəsində: Araz çayı sahilində sahibkara 100 min manatadək ziyan dəydi

Araz çayının qırağında yerləşən yulğunluq sahəsində başlayan və qısa müddətdə genişlənən güclü yanğın fəlakətlə nəticələnib. Təxminən 20 hektarlıq ərazini bürüyən alov, qəfildən qalxan güclü küləyin də təsiri ilə sürətlə yaxınlıqdakı kommersiya obyektlərinə tərəf yayılıb. Hadisə şahidlərinin və işçilərin bütün cəhdlərinə baxmayaraq, alovun qarşısını almaq və obyektdəki əmlakı xilas etmək mümkün olmayıb.

ELAZ.İNFO xəbər verir ki, yanğın nəticəsində tanınmış yerli sahibkar Tahir Həşimova məxsus olan və böyük infrastrukturdan ibarət obyekt tamamilə külə dönüb. Az qala bir kilometrlik yulğunluq sahəsini kül edərək obyektə keçən alov sahibkarın illərlə qurduğu biznesini bir neçə saatın içində məhv edib. Obyektə dəyən ziyanın miqyası olduqca böyükdür: Sahibkarın xeyir-şər məclislərinin təşkili üçün nəzərdə tutulan irihəcmli çadırları və onlara aid olan bütün digər texniki ləvazimatlar yanaraq tamamilə yararsız hala düşüb.

Tahir Həşimova məxsus olan tamet sexi də alovun qurbanı olub, sexdəki avadanlıqlar və tikinti materialları yanıb. İlkin hesablamalara görə, sahibkara ümumilikdə 80-100 min manat aralığında maddi ziyan dəyib. Hadisənin ən acınacaqlı tərəfi isə yanan obyektin heç bir sığortasının olmamasıdır. Bu fəlakət nəticəsində obyekt rəhbəri ilə yanaşı, orada çalışan 7 nəfər yerli sakin də işsiz qalıb.

Hadisədən dərhal sonra Milli Məclisin deputatı Razi Nurullayev yanğın bölgəsinə gələrək zərərçəkmiş sahibkar Tahir Həşimovla görüşüb, külə dönmüş obyektin ərazisinə baxış keçirib. Baş vermiş faciədən dərin təəssüf hissi keçirdiyini bildirən millət vəkili, bu cür ekstremal hallarda dövlətin sahibkarlara dəstək olmasının vacibliyini vurğulayıb: “Həqiqətən ürəyim ağrıdı. Bu cür hallarda sahibkara mütləq dövlət tərəfindən kömək göstərilməlidir. Çünki itirən yalnız sahibkar deyil, o həm də 7 nəfərə iş yeri verən və vergi ödəyicisidir. Kim düşünə bilərdi ki, az qala bir kilometrlik yulğunluq sahəsi yana-yana gəlib bu obyekti yandıracaq…

Deputat Razi Nurullayev sahibkarın probleminin diqqətdə saxlanılması və ziyanın kompensasiya edilməsi üçün rəsmi addımların atılacağını qeyd edib:, Mən də əlimdən gələni edəcəyəm ki, sahibkara hansısa formada köməklik göstərilsin”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın