Yeri görünənlər…
Əli-Ağa Aslan
“Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya.
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?!”…
İnsan var ki, bu dünyada yeri görünür. Dünyanı tərk edib getdiyində dünya boşluğa bürünür. Yaxşı adamlar belədir. Şair Əli-Ağa Aslan da yaxşı adam idi, yaxşılardan biri idi. Getdiyi an dünyamızı sükuta qərq etdi, boşluğa tərk etdi. Silkələndik; necə bir insan itirdiyimizi anladıq. Yoxluğunu hiss etdirdi.
02.03.2009-cu ildə bizləri tərk etdin, Şair! Taleyin, qismətin acı oyunu səninlə gənc yaşında dərd otağı oldu. “Yaşamaq onsuz da ahu-zar imiş, Yaxşı ki, dünyada ölüm var imiş”, – deməklə ölümə meydan oxudun, qorxmazlığını, mübarizliyini göstərdin, həyatın faniliyinin məntiqiliyini göstərərək qəlblərin şairinə çevrildin…
Şair Əli-Ağa Aslan şeirlərdən birində deyir ki,
-Dünya mənim deyib gələndə hamı,
Boş qalıb hamının əli axırda.
Sönəcək qəlbində ümidin şamı,
Dəli olacaqsan, dəli, axırda.
Səni bu quyudan kim çıxardacaq?
Ya dünya dəlidir, ya dərd yiyəsi,
Kəndiri kəsilib, ipi görünmür.
Namərd quyuların namərd yiyəsi,
Sən qazan quyunun dibi görünmür.
Səni bu quyudan kim çıxaracaq?
Dərdin əlindən naləsi ərşi-əlaya qalxan Şair bi hisslərini belə ifadə edir:
-Göz yaşı nə daddır, ağlayan bilər
Fələk sinəsini dağlayan bilər.
Bu qapı kimindir, bağlayan bilər,
Qəflətdə yaşamaq demə hünərdir,
Sən çəkə bilməzsən mən çəkən dərdi…
Ruhun şad, məkanın cənnət olsun, Şair! Cismən bizləri tərk etsən də, illər, əsrlər keçsə də, şeirlərinlə qəlblərdə taxt quracaqsan. Səni hər zaman dediyin kimi xatırlayacağıq:
-Hamı dərd satan, mən alan,
Ümidim duman, çən alan,
Gözləri yollarda qalan,
Qulağı yağır bəndəyəm…
Ömür xalı, ilmə gözəl,
Göz yaşımı silmə, gözəl.
Məni zalım bilmə, gözəl,
Mən belə fağır bəndəyəm.
Aynur FAMİLQIZI