Avropa qitəsində son həftələr qeydə alınan anomal isti hava şəraiti fonunda enerji təhlükəsizliyi və resurs çatışmazlığı məsələləri ətrafında beynəlxalq siyasi poləmika yenidən kəskinləşib. Rusiya rəsmiləri Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərin daxili böhranı daha da dərinləşdirdiyini iddia edirlər.
ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində yay aylarında kondisionerlərin işlədilməsi üçün kifayət qədər resursun olmaması nüvə enerjisindən və Rusiya enerji daşıyıcılarından istifadənin azaldılması ilə birbaşa bağlıdır. Bu iddia ilə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev çıxış edib.
Özünün “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edən K.Dmitriyev Brüsselin enerji siyasətini kəskin tənqid edib: “Avropa İttifaqı kondisionerlərlə qlobal isinmənin fəsadlarına görə deyil, nüvə və Rusiya energetikasının ixtisarına yönəlmiş yanlış və məsuliyyətsiz qərarlar səbəbindən onları işə salmağa enerjisi çatmadığı üçün mübarizə aparır”.
Rusiya rəsmisi anomal istilər zamanı hər bir insanın işlək kondisionerdən istifadə etmək hüququnun olduğunu xatırladıb. O əlavə edib ki, Aİ rəhbərliyinin öz yanlış siyasi qərarlarını gizlətməyə çalışması, nəticə etibarilə “sivilizasiyanın intiharı” deməkdir.
Qeyd edək ki, iyun ayının ortalarından bəri Avropa ölkələri anomal isti hava kütlələrinin təsiri altındadır. Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və bir sıra digər dövlətlərdə havanın temperaturu 40 dərəcəni ötüb. Bu səbəbdən yerli hakimiyyət orqanları qırmızı təhlükə səviyyəsi elan edib, məktəbləri bağlayıb, kütləvi tədbirləri məhdudlaşdırıb və sakinləri küçəyə çıxmamağa çağırıb. Eyni zamanda nəqliyyatın işində fasilələr və havanın keyfiyyətinin pisləşməsi müşahidə olunur.
Ruslan MƏMMƏDOV


