Silahlı münaqişələr zamanı mülki infrastrukturun, xüsusilə də uşaqların hədəfə alınması beynəlxalq humanitar hüquq normalarının ən ağır pozuntularından hesab olunur. Bu qəbildən olan insidentlər beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasında tərəflər arasında kəskin ittihamlarla müşayiət olunur.
ELAZ.İNFO xəbər verir ki, Rusiyanın istintaq orqanları Bryansk vilayətində Belarus vətəndaşlarını daşıyan avtobusa endirilən zərbəyə görə məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyənləşdirib və onlara qarşı rəsmi ittiham irəli sürüb. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin vəzifələrini icra edən Anna Yevstiqneyeva təşkilatın iclasında bəyanatla çıxış edib.
A.Yevstiqneyevanın sözlərinə görə, hadisə yerində pilotsuz uçuş aparatının (PUA) Ukraynaya məxsus olduğunu təsdiqləyən çoxsaylı sübutlar aşkar edilib: “Bu terror aktında Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı R.Brovdi (Madyar) və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi O.İvaşenkonun iştirakı tam sübuta yetirilib. Məhz onlar hədəfin təyin olunmasını təmin edib və uşaqların olduğu avtobusa zərbə endirilməsi barədə birbaşa əmr veriblər”.
Rusiya rəsmisi hadisənin bilavasitə icraçılarının da müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, bunlar Ukrayna Dövlət Sərhəd Xidmətinin 105-ci sərhəd dəstəsinin “Ximera” pilotsuz sistemlər bölməsinin hərbi qulluqçusu D.Tkaçenko, 7-ci sərhəd dəstəsinin “Şkval” çevik rəddetmə komendantlığının hərbi qulluqçusu İ.Jukov və Ukrayna Silahlı Qüvvələrinin 73-cü dəniz xüsusi əməliyyatları mərkəzinin hərbi qulluqçusu V.Naumdur. Adları çəkilən bütün şəxslər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə ittiham irəli sürülüb və onlar beynəlxalq axtarışa veriliblər.
Xatırladaq ki, iyunun 17-də Bryansk vilayətində Belarusun uşaq futbol komandasını daşıyan avtobus Ukrayna tərəfindən idarə olunan təyyarə tipli PUA ilə hücuma məruz qalmışdı. Hadisə nəticəsində bir qadın həlak olmuşdu. Rusiya İstintaq Komitəsi faktla bağlı terror maddəsi ilə cinayət işi açıb.
Ruslan MƏMMƏDOV


