QUBA SOYQIRIM MƏZARLIĞI -GİZLİ TARİX

Eşitmişdim ki, Azərbaycan  iqtidarında ermənipərəst qüvvələr var və onlar erməni məkrini həyata keçirmək gücündədirlər. Bu fikirlərə şübhə ilə yanaşırdım və daxilən inanmaq istəmirdim. Lakin, bu yay, avqust  ayında Qubaya səfərim zamanı bu şübhələri doğruldan və daxili inamımı sarsıdan bir  faktın şahidi oldum.

Belə ki, 1919-cu ildə ermənilər tərəfindən törədilmiş və bu yaxınlarda Qubada təsadüfən aşkar edilmiş kütləvi məzarlıqda – dinc əhalinin: azərbaycanlı, yəhudi, ləzgi, tat və başqa xalqların qadınları, uşaqları, qocaları öldürülərək (bəlkə də diri-diri) basdırıldıqları məzarlıqda yaradılmış muzeyin əməkdaşları bildirdilər ki, məzarlıqda nümayiş etdirilən ən əyani sübut olan insan sümükləri və kəllələri bu ilin mart ayında yığılaraq bir quyuya tökülmüş və onun üzərində mərmər lövhə-abidə qoyulmuşdur.

            Görəsən nə üçün, hansı məqsədlə və hansı bəhanə ilə, erməni vəhşiliyinin (törədilən soyqırımın) əyani sübutu olan məzarlıq və oradakı əyani sübutlar məhv edilmişdir?! Bu əməl, dəlil-sübutların, əyani faktların məhv edilməsidir! Bu əməl, Azərbaycan xalqına və tarixə xəyanətdir! Bu əmələ başqa ad tapmaq mümkün deyil!Bu əməlin özü də bir cinayətdir!

Bəs səbəb və səbəbkar (günahkar) kimdir?! Hesab edirəm ki, bu əməl-sümüklərin quyuda gizlədilməsi- daha doğrusu faktların məhv edilməsi, erməni lobbisinin sifarişi ilə Azərbaycan iqtidarında olan ermənipərəst qüvvələrin törətdikləri bəd əməldir! Əslində isə, bu əməl erməni vandalizmini-onların törətdikləri soyqirım faktını gizlətmək üçün məqsədli şəkildə, qərəzkar, məkrli və hiyləgərcəsinə həyata keçirilmış bir əməldir.

Bəs bu bəd əməlin icraçıları kimlərdir?! Çox təəssüf ki, “sapı özümüzdən olan baltalar”. Bu işdə təkcə muzey işçilərini, Quba rayonu ictimaiyyətini qınamaq düzgün olmaz. Çünki, Bakıdan (mərkəzdən) göstəriş olmasaydı, onlar bu əməli etməzdilər.

Belə halda sual yaranır: Bakıda-mərkəzdə olan hansı ixtiyar sahibləri hansı əsasla bu göstərişi veriblər? Qubada erməni vandallarının törətdikləri soyqırım faktının əyani dəlil-sübutlarını məhv etdirənlər kimlərdir? Hesab edirəm ki, bu adamlar axtarılıb tapılmalı, milli xəyanətkar, bəşəri dəyərlərin düşməni və satqın kimi ittiham olunmalı və cinayətkar  kimi cəzalandırılmalıdirlar!

 

İLAHƏ BAYINDIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir