2026-cı ilin yanvar-iyun aylarının yekunlarına görə Avropada qazın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq hər 1000 kubmetr üçün təxminən 515 dollara yüksəlib.
ELAZ.İNFO xəbər verir ki, bu barədə məlumat Londonun “ICE” birjasının fyuçers ticarəti göstəricilərindən və Rusiyanın rəsmi informasiya agentliyinin hesablamalarından məlum olub.
Analitiklər qeyd edir ki, yanacaq haqlarının belə sürətlə bahalaşması Yaxın Şərqdə davam edən münaqişə, qlobal qaz bazarında Hörmüz boğazının bağlanması riski ilə yaranan böhran və Avropa ölkələrinin qış mövsümünə hazırlıq üçün anbarları erkən doldurmaq məcburiyyəti ilə bağlıdır. Cari qiymət göstəricisi 2025-ci ilin ikinci yarısı ilə müqayisədə 35% daha yüksəkdir.
Məlumata görə, Avropada bu ilki istilik mövsümü 2011-ci ildən bəri müşahidə edilən ən uzun ikinci dövr olub və tam 173 gün davam edib. Bu səbəbdən anbarlardan xalis qaz çıxarılması 61 milyard kubmetri ötüb ki, bu da ötən yay yığılan həcmdən 6.5 milyard kubmetr çoxdur.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-nə qədər anbarlarının 90%-nin dolu olmasını təmin etməlidirlər. Bu normanı yerinə yetirmək üçün Avropa anbarlarına payız-qış mövsümünə qədər ən azı 68 milyard kubmetr qaz vurulmalıdır. Hazırda isə Avropanın yeraltı qaz anbarları cəmi 48.62% doludur və bu, son 5 ilin orta göstəricisindən xeyli aşağıdır. Ekspertlər xəbərdarlıq edirlər ki, növbəti mövsümə qədər ehtiyatlar hətta 70%-ə bərabər olmaya bilər.
Ruslan MƏMMƏDOV


