ELAZ.İNFO xəbər verir ki, dünən, iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.
Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu dedi. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirdi.
Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu dedi.
Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkəmizdə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğuladı. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu dedi.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin – nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu xüsusda Azərbaycan Prezidenti qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.
x x x
Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirdi.
Ali qonaq hazırda həyata keçirilən mühüm mənəvi layihələrdən birinə – Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd etdi.
Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirdi, dövlətimizin başçısına fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzuladı.
