Prezident: Azərbaycan investisiya üçün yeni imkanlar yaradır


ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət edib.
Dövlət başçısı bildirib ki, “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən Forum qlobal iqtisadi münasibətlərin dəyişdiyi bir dövrdə mühüm əhəmiyyət daşıyır.
Prezidentin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru iqtisadi artımın əsas istiqamətlərindən birinə çevrilib. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla illik 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə artıb.
İlham Əliyev Azərbaycanın əlverişli coğrafi mövqeyini, nəqliyyat-logistika imkanlarını və enerji potensialını investisiya baxımından mühüm üstünlüklər kimi qeyd edib. Bildirib ki, Orta Dəhliz və formalaşmaqda olan Zəngəzur dəhlizi regionda ticarət və investisiya imkanlarını genişləndirəcək.
Prezident həmçinin qeyd edib ki, ötən il keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Bunun 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb.
Dövlət başçısı 2-ci Forumun da yeni investisiya layihələrinin başlanmasına və uzunmüddətli beynəlxalq tərəfdaşlıqların genişlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
İlahə BAYINDIR





