Paşinyanın Bakıya zəngi Moskvada narahatlıq yaradıb – Politoloq Məhəmməd Əsədullazadə

Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi və İrəvan-Bakı xəttində birbaşa telefon təmaslarının baş tutması iki ölkə arasında de-fakto sülhün formalaşdığını göstərən mühüm indikatordur.

ELAZ.İNFO xəbər verir ki, bunu liderlərin telefon danışığını, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları və Moskvanın bu yaxınlaşmaya reaksiyasını dəyərləndirərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert müstəqillik tarixindən bəri davam edən ziddiyyətlər fonunda birbaşa dialoqun mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb:

“Azərbaycan və Ermənistan müstəqillik qazandıqdan sonra uzun illər kəskin münaqişə vəziyyətində yaşayıblar. Bu baxımdan, sülh sazişi mətninin paraflanmasının ildönümü ərəfəsində iki ölkə lideri arasında birbaşa telefon danışığının baş tutması müstəsna əhəmiyyət kəsb edir. Bu fakt de-fakto sülhün artıq bərqərar olduğunu və tərəflərin üçüncü qüvvələr olmadan da ünsiyyət qura bildiyini açıq şəkildə göstərir”.

Şərhçi Bakı və İrəvanın vasitəçisiz razılığa gəlməsinin Kremli narahat etdiyini bildirib: “Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi Moskvada ciddi qısqanclıq və narahatlıqla qarşılanır. Rusiya bölgədə öz təsir imkanlarını saxlamaq üçün 30 il ərzində iki ölkə arasında sülhün əldə olunmamasına çalışıb. Hətta İkinci Qarabağ müharibəsini başa çatdıran 10 noyabr Üçtərəfli Bəyanatında Moskva vasitəçi kimi yer alsa da, sonrakı mərhələdə yekun sülhün əldə olunmasına hər vəchlə mane olmağa cəhd edirdi. Lakin bu kənar müdaxilə cəhdləri artıq iflasa uğrayıb”.

MCP rəsmisi yekun sülh sazişinin imzalanması üçün İrəvanın atmalı olduğu hüquqi addımları xatırladıb: “Artıq münaqişə geridə qalıb. Ermənistan rəhbərliyinin qarşısında duran başlıca vəzifə konstitusiya referendumunu keçirərək, ərazi iddialarından rəsmən imtina etmək və yekun sülh müqaviləsini imzalamaqdır. Ermənistan hakimiyyəti bu referenduma getməyə məcburdur və bunun üçün bütün hüquqi mexanizmlər mövcuddur. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması üçün artıq geri dönməz real zəmin yaranıb”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın