Metro Yenidən İnsanların Sığınacağına Çevrildi – DƏHŞƏTLİ GECƏNİN MƏNZƏRƏSİ

Müharibənin acı üzü hər gün ukraynalıların həyatını parçalamaqda, dinc sakinləri öz doğma evlərindən didərgin salmaqda devam edir. Kiyev metrosundan çəkilən son fotolar Ukrayna xalqının necə bir çətinlik və çarəsizlik içində həyat mübarizəsi apardığını növbəti dəfə bütün çılpaqlığı ilə ortaya qoyur.

ELAZ.İNFO xəbər verir ki, gecələr raket və PUA hücumlarından qorunmaq üçün metro stansiyalarına pənah gətirən minlərlə insan növbəti dəhşətli gecəni soyuq betonlar üzərində keçirməyə məcbur olur. İnsanlar bir gecənin qorxusunu tam həzm etməmiş, növbəti gecə yenidən yerin altına — təhlükəsizliyə tələsirlər. Bu vəziyyət şəhərləri dağıtmaqla yanaşı, insanların psixologiyasını və yaşamaq ümidini də məhv edir.

Məlumata görə, ötən həftənin cümə günü Rusiya Ukrayna ərazisinə 6 ballistik raket və 151 dəfə PUA zərbəsi endirib. Kiyev yaxınlığında yerləşən Brovarı rayonunda 3 dinc sakin, o cümlədən 1 uşaq həyatını itirib. Paytaxtda isə zərbələr mülki şəxslərin yaralanmasına və şəhər daxilində güclü yanğınlara səbəb olub.

Ötən gecə isə əsas hədəf Odessa və Xarkov şəhərləri olub: Raket və PUA-lar yaşayış massivlərinə və enerji infrastrukturuna düşüb. Ən azı 8 nəfər yaralanıb, şəhərin bir hissəsi işıqsız qalıb, evlər alova bürünüb. Yaşayış binaları dağılıb, 2 nəfər həlak olub, ən azı 12 nəfər xəsarət alıb. Xilasedicilər saatlarla dağıntılar altında qalan insanları çıxarmağa çalışıblar.

Eyni zamanda, Qara dəniz sahillərinə və limanlara endirilən zərbələr Ukrayna taxılının ixracına ağır zərbə vurur, kənd təsərrüfatı sektorunu milyardlarla dollar zərərə uğradır. Yerli sakinlərin verdiyi məlumata görə, artıq bəzi marketlərin rəflərində boşluqlar yaranmağa başlayıb. Tükənmiş, yorulmuş, lakin yaşamaq üçün son gücünü toplayan bu insanların fədakarlığı və dözümü hər kəsi kədərləndirməklə yanaşı, həm də mütəəssir edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın