Bir Ailənin 3 Üzvü Tamamilə Məhv Oldu: Gecə Saatlarında Dəhşətli Hadisə

Kiyev vilayətinin Puxivka kəndində yerləşən fərdi yaşayış evlərindən birinə endirilən qəfil PUA zərbəsi böyük bir ailə faciəsinə səbəb olub.

ELAZ.İNFO xəbər verir ki, gecə saatlarında baş verən hücum nəticəsində eyni ailədən üç nəfər — baba, nənə və onların cəmi 3 yaşlı nəvəsi yerindəcə həyatını itirib.

Hadisə nəticəsində daha 4 nəfər ağır dərəcəli bədən xəsarətləri alaraq təcili xəstəxanaya çatdırılıb. Yaralananlar arasında azyaşlının valideynləri, 15 yaşlı qardaşı və hadisə yerinə yardıma qaçan, lakin təkrar endirilən ikinci zərbəyə tuş gələn qonşu var. Həkimlər xəsarət alanların vəziyyətini ağır qiymətləndirir; onlara termik yanıqlar və qəlpə yaraları diaqnozu qoyulub.

Ukrayna tərəfinin yaydığı məlumata görə, hücumlar yalnız bu kəndlə məhdudlaşmayıb. Paytaxt Kiyevin mülki infrastrukturuna 6 ballistik raketlə zərbə endirilib və daha bir nəfərin öldüyü təsdiqlənib. Eyni zamanda Xarkov, Sumı, Dnepr, Zaporojye, Odessa, Xerson, Nikolayev, Çerniqov və Poltava vilayətləri də intensiv atəşə məruz qalıb.

Hadisəyə dərhal münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski mülki yaşayış evinin hədəf alınmasını pisləyib. O, Qərb tərəfdaşlarına səslənərək raket istehsalına qarşı sanksiyaların artırılmasını, “Patriot”, “SAMP/T”, “NASAMS”, “HAWK” raketləri və “F-16” təyyarələrinin anbarlarda deyil, Ukrayna səmasında insanları qoruması üçün təcili çatdırılmasını tələb edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın