Novxanıda bağ evində baş verən hadisə araşdırılır: DİN bir nəfərin saxlanıldığını açıqladı

ELAZ.İNFO xəbər verir ki, Novxanı qəsəbəsində aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı yayılan məlumatlar hüquq-mühafizə orqanlarının diqqətindədir. Aparıcı evinə bir qrup naməlum şəxsin gəldiyini və əmlakının aparıldığını iddia etdikdən sonra Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Fira Cəlilovanın sosial şəbəkədən bildirdiyinə görə, hadisə noyabrın 26-da axşam saatlarında baş verib. Onun sözlərinə əsasən, beş avtomobillə əraziyə gələn təxminən 15 nəfər bağ evinə daxil olub. Aparıcı evdən üç mobil telefon, ümumi dəyəri təxminən 30 min manat olduğu bildirilən zinət əşyaları, eləcə də müşahidə kameraları və digər elektron avadanlıqların aparıldığını iddia edib.
Noyabrın 27-də DİN-in Mətbuat Xidmətindən verilən açıqlamada isə bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib. İstintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Açıqlamada saxlanılan şəxsin aparıcının evinə basqın etdiyi və ya oğurluqda iştirak etdiyi təsdiqlənməyib. Bu səbəbdən onun hadisənin birbaşa iştirakçısı kimi təqdim olunması hələlik doğru deyil.
İslam MAHMUDOV




