Şadlıq evlərində qanunsuz “sınaq imtahanı” oyunu: ETN və DİN-ə SOS ÇAĞIRIŞI!

27.11.2026

Son dövrlər ölkənin müxtəlif bölgələrində, xüsusilə kənd və rayon mərkəzlərində təhsil adı altında yeni və təhlükəli bir qazanc mexanizmi formalaşıb. Rəsmi təhsil müəssisəsi statusu olmayan, fərdi qaydada fəaliyyət göstərən bəzi hazırlıq və məşğələ klubları bəzi artistlər kimi “qastrol səfərlərinə” çıxaraq kəndbəkənd, rayonbarayon şadlıq evləri ilə razılaşır və təhsilə heç bir aidiyyəti olmayan qeyri-yaşayış obyektlərində kütləvi “sınaq imtahanları” təşkil edirlər. Hətta 9 Noyabr – Dövlət Bayrağı Günü kimi əlamətdar tarixdə, məktəblilərin istirahət etdiyi bayram günlərində belə uşaqları bu məkanlara toplayıb hər şagirddən müəyyən bir məbləğ, hətta yüksək məbləğlərdə vəsait almaqla təhsili açıq kommersiya predmetinə çevirirlər.

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov bölgələrdə geniş vüsət almış bu nəzarətsiz və qanunsuz “sınaq imtahanı” şəbəkəsi ilə bağlı kəskin mövqeyini ortaya qoyub. Partiya rəsmisi gələcəkdə hər hansı xoşagəlməz hadisələrin baş verməməsi üçün ELAZ.İNFO saytı vasitəsilə aidiyyəti dövlət qurumlarına çağırış edərək bu cür halların dərhal diqqətə götürülməsini və ciddi nəzarətə alınmasını istəyib. Ruslan Məmmədov bildirib ki, bu proses artıq elə bir formada təbliğ olunur ki, hətta məktəb səviyyəsində qeyri-rəsmi şəkildə uşaqlar arasında süni bir yarış mühiti yaradılır:

“Bu gün kəndlərimizdə, rayonlarımızda bəzi özəl hazırlıq qrupları və məşğələ klubları elə bir təbliğat aparırlar ki, valideynin maddi büdcəsi nəzərə alınmadan uşaqlar evdə məcburən ‘mən də gedirəm’ deyə tələb irəli sürürlər. Hətta məlumatsız valideynlər və yaşlı nənələr övladlarını həmin şadlıq evlərinin qarşısına gətirəndə soyuqda, istidə çöldə elə həyəcanla gözləyirlər ki, elə bil uşaqları Oksford və ya Harvard kimi nüfuzlu dünya universitetlərinə qəbul imtahanına girib! Halbuki söhbət rəsmi imtahandan belə getmir, 9 Noyabr kimi istirahət günlərində belə uşaqları şadlıq evlərinə, təhsilə dəxli olmayan qeyri-yaşayış obyektlərinə yığıb guya sınaq imtahanından keçirirlər!

Sual olunur: bu qurumların kütləvi şəkildə sınaq imtahanı keçirmək üçün Elm və Təhsil Nazirliyindən, yaxud yerli təhsil şöbələrindən və sektorlarından icazəsi varmı? Bəli, ola bilsin ki, kiminsə repetitor kimi fəaliyyət göstərmək icazəsi var. Ancaq bu o demək deyil ki, bəzi artistlər kimi qastrol səfərlərinə çıxıb kəndbəkənd şadlıq evləri ilə razılaşaraq təhsildən uzaq müxtəlif obyektlərdə kütləvi sınaq imtahanı təşkil etsinlər! Həmin şəxslər buna görə haradan icazə alır və yığılan yüksək məbləğdə vəsaitdən dövlətə vergi ödəyirlərmi?”

MCP Salyan təşkilatının sədri vurğulayıb ki, bu cür sınaq imtahanlarında istifadə olunan test tapşırıqlarının elmi-metodiki ekspertizadan keçib-keçməməsi və sonradan uşaqlara təqdim olunan nəticələrin hansı əsaslarla hesablanması tamamilə qaranlıqdır:

“O test suallarını kim tərtib edir? Həmin suallar hansısa dövlət senzurasından, metodiki yoxlamadan keçibmi? Ən əsası, bu sınaq imtahanından sonra uşaqlara verilən nəticələr necə yoxlanılır, hansı səviyyədə və kim tərəfindən qiymətləndirilir? Uşağın hansı balı necə topladığı, bu balların hansı dövlət standartlarına uyğun hesablandığı bəllidirmi? Heç bir elmi və rəsmi standartı olmayan, dolaşıq suallarla dolu testlərdən aşağı və ya əsassız bal alan azyaşlı şagirdin psixologiyasına bunun necə ağır zərbə vurduğunu düşünən varmı?

Özünə inamı sarsılan, sinif yoldaşları və valideyni yanında xəcalət çəkən uşaqların yaşadığı bu psixoloji travmaya və mənəvi sarsıntıya kim cavabdehlik daşıyır?”

Ruslan Məmmədov məsələnin təkcə maliyyə və təhsil keyfiyyəti ilə bitmədiyini, burada birbaşa uşaqların həyatı, sağlamlığı, fövqəladə hallardan qorunması və yerli qurumların məlumatlılıq məsələsinin dayandığını xüsusi qeyd edib:

“Təhsil standartlarına qətiyyən cavab verməyən şadlıq evlərinə və digər qeyri-yaşayış obyektlərinə yüzlərlə azyaşlı məktəbli toplanır. Orada təşkilatçılıq necə qurulur, fövqəladə hallar necə qorunur, səhiyyə məsələlərinə necə təminat verilir? Ümumiyyətlə, bu cür kütləvi, yüzlərlə toplaşan azyaşlı şagirdlərin qorunması və təhlükəsizliyi üçün hər hansı tədbirlər görülürmü, yoxsa heç nə görülmür? Orada antisanitar vəziyyət nə yerdədir? Sabah guya keçirilən o sınaq imtahanı zamanı hər hansı bir uşağın qıcolması (sudurğası) tutarsa, səhhəti pisləşərsə, orada ilkin tibbi yardım göstərməyə həkim varmı? Allah göstərməsin, orada hansısa bir yanğın hadisəsi və ya terror əməli baş verərsə, bu cür təhlükəsizliyin təmini kimin üzərindədir və kim cavab verəcək?

Ən ağrılısı budur ki, bu prosesdən təhsil ocaqlarının, təhsil şöbəsinin, heç olmasa məktəb direktorunun, kənd inzibati nümayəndəliyinin (kənd sovetinin), sahə inspektorunun, sahə müvəkkilinin və ya sahə həkiminin heç olmasa xəbəri varmı, yoxmu? Həmin sınaq imtahanlarını təşkil edən şəxslərin pedaqoji diplomu, ixtisası ümumiyyətlə yoxlanılırmı? Yoxsa kimin ağlına gəlirsə, əlinə bir neçə vərəq test alıb kəndbəkənd gəzərək valideynlərin cibindən yüksək məbləğdə pul qoparmaqla məşğul olur?”

Məqalənin sonunda Milli Cəbhə Partiyasının Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov aidiyyəti qurumlara çağırış edib:

“Təəssüf ki, bu cür xoşagəlməz hallar ölkəmizdə, xüsusilə kənd yerlərində getdikcə adiləşir və uşaqlarımızı yanlış istiqamətə yönəldir. Mən ELAZ.İNFO vasitəsilə buradan Elm və Təhsil Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və bütün aidiyyəti dövlət qurumlarına çağırış edirəm: gələcəkdə xoşagəlməz hadisələrin baş verməməsi üçün bu cür məsələlər dərhal diqqətə götürülsün və ciddi nəzarətə alınsın! Əgər bu kimi özbaşına tədbirlər təcili nəzarətə götürülməsə, məsələnin daha geniş ictimai müzakirəyə çıxarılması və bütün müvafiq dövlət orqanları qarşısında qaldırılması təmin olunacaqdır.”

Ruslan MƏMMƏDOV

👁 330