Sosial ödənişlərdə ciddi artım: 10 ayda əhaliyə 8,7 milyard manatdan çox vəsait ödənilib!

Ölkədə əhalinin sosial rifahının gücləndirilməsi və sosial təminat sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm göstəricilər qeydə alınıb. Cari ilin ilk 10 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə ödənişlərdə ötən illə müqayisədə 10 faizlik artım baş verib.
ELAZ.INFO xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2026-cı ilin yanvar–oktyabr aylarında əhaliyə ümumilikdə 8 milyard 749 milyon manat vəsait ödənilib.
Hesabat dövründə sosial ödənişlərin istiqamətlər üzrə bölgüsü belə olub: Pensiyalar üzrə: 6 milyard 527 milyon manat; Müavinətlər üzrə: 1 milyard 206 milyon manat; Təqaüdlər üzrə: 677 milyon manat; Ünvanlı dövlət sosial yardımı üzrə: 339 milyon manat. Qeyd edək ki, cari ilin 10 ayında sosial ödənişlərə yönəldilən vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 760 milyon manat (10 faiz) çox olub.
ELAZ.İNFO




