Yüksək rütbəli hərbçiyə qarşı terror planının qarşısı alındı

Donetskdə yüksək rütbəli Rusiya hərbçisinə qarşı hazırlanan terror aktının qarşısı alınıb. Hücumu həyata keçirmək üçün üç ədəd ağır zərbə tipli “Baba Yaqa” PUA-sından istifadə edilməsi planlaşdırılırmış.
ELAZ.INFO xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində terror aktının hazırlanmasında iştirak edən 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Məlumata görə, Volnovaxa sakini olan qadın kuratorlarının təlimatı ilə Donetskə köçərək təhlükəsizlik qurumunun əməkdaşını gizli şəkildə izləyib. O, hərbçinin hərəkət marşrutu və nəqliyyat vasitələri barədə məlumatları “WhatsApp” messenceri vasitəsilə qarşı tərəfə ötürüb.
FSB-nin açıqlamasında bildirilir ki, hərbçini aradan götürmək üçün yüksək partlayıcı və yandırıcı əldəqayırma partlayıcı qurğularla təchiz olunmuş üç ədəd “Baba Yaqa” hücum dronu havaya qaldırılıb. Lakin dronlar radioelektron mübarizə sistemləri vasitəsilə sıradan çıxarılıb və Rusiya xüsusi xidmət orqanlarının istehkamçıları tərəfindən zərərsizləşdirilib.
Araşdırmalar zamanı həmçinin müəyyən edilib ki, saxlanılan şəxs “Telegram” vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayaraq Rusiya Silahlı Qüvvələrinin Volnovaxa və Mariupol ərazilərində yerləşən bölmələrinin dislokasiya yerləri barədə də məlumatlar ötürüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib. Rusiya FSB-si sosial şəbəkələr və messencerlər vasitəsilə bu cür fəaliyyətlərə cəlb olunan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edib.
Ruslan MƏMMƏDOV




