Daxili İşlər Naziri Masallı sakinlərini qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov regionlarda vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və polis sıralarına qəbul prosesinin şəffaf təşkili məqsədilə cənub bölgəsinə səfər edəcək. Qarşıdakı həftə Masallı rayonunda beş rayonun sakinləri üçün qəbul və gənclərin sıra baxışı təşkil olunacaq.
ELAZ.İNFO xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu, eləcə də polis orqanları və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Masallı Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Masallı, Lənkəran, Lerik, Astara və Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, həmçinin nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və rəsmi sosial şəbəkə səhifələri vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, polis orqanları və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də saat 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək. Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etmələri tələb olunur.
ELAZ.İNFO




