Şəkərli diabet xəstələri üçün mühüm yenilik

Azərbaycanda şəkərli diabet xəstələrinin dövlət hesabına dərman və müasir tibbi avadanlıqlarla təminatı sahəsində mühüm addım atılıb. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsində irəli sürülən təklif əsasında Nazirlər Kabineti tərəfindən yeni qərar qəbul edilib.
ELAZ.INFO xəbər verir ki, insan hüquqlarının müdafiəsi yalnız mövcud problemlərin müəyyən edilməsi deyil, onların həlli və vətəndaşların həyatında real müsbət dəyişikliklərin təmin olunmasıdır. Bu çərçivədə Ombudsmanın 2025-ci il üzrə məruzəsində şəkərli diabet xəstələrinin tibbi təminatının müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təklif nəzərə alınıb. Belə ki, Nazirlər Kabinetinin 2026-cı il 24 noyabr tarixli 391 nömrəli Qərarı ilə insulin və dərman təminatı normaları yenilənib. Qərara əsasən: Qlükometrlər, davamlı qlükoza monitorinqi cihazları və insulin pompaları ilə təminat imkanları genişləndirilib; Tibbi xidmət paketinə ümumi cərrah konsultasiyası əlavə edilib.
Qeyd edək ki, bu qərar vətəndaşların sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi, müasir tibbi texnologiyalara əlçatanlığın artırılması, eləcə də şəkərli diabet xəstələrinin və onların ailələrinin maliyyə yükünün azaldılması baxımından böyük əhəmiyyət daşıyır.
Ruslan MƏMMƏDOV




