Qərbi azərbaycanlıların məsələsi Cenevrədə BMT-nin Azlıqlar üzrə Forumunun 19-cu sessiyasında

2026-cı il noyabrın 26–27-də Cenevrədə, BMT-nin Avropa bölməsinin yerləşdiyi Millətlər Sarayında keçirilən BMT İnsan Hüquqları Şurasının Azlıqlar üzrə Forumunun 19-cu sessiyasında iştirak və çıxış etdim.
İnsan Hüquqları Şurasının 6/15 və 19/23 saylı qətnamələrinə uyğun təşkil olunan sessiyanın əsas müzakirə mövzusu azlıqların hüquqlarının müdafiəsində regional çərçivələrin, mexanizmlərin və təşəbbüslərin rolu idi. Gündəlikdə beynəlxalq standartların regional səviyyədə tətbiqi, azlıqların qərarların qəbulunda səmərəli iştirakı və hüquqların praktik müdafiəsi məsələləri mühüm yer tuturdu.
Çıxışımda Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasında inklüziv dialoqun əhəmiyyətini vurğuladım. 2025-ci il Vaşinqton Zirvə Görüşünü və sülh sazişinin paraflanmasını bu istiqamətdə mühüm dönüş nöqtəsi kimi qeyd etdim. Qərbi azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülmələrinə diqqət çəkərək, BMT-nin 2008-ci il hesabatında 1988–1991-ci illərdə Ermənistandan ən azı 185 min azərbaycanlının artan etnik gərginlik və zorakılıq əsnasında qaçdığına, Almaniya Bundestaqının 2025-ci Qətnaməsində 250 000 azərbsycanlının Ermənistandan qovulması barədə
məlumatları xatırlatdım. Həmçinin Ermənistanla müharibələr nəticəsində 4010 azərbaycanlının itkin düşdüyünü və Azərbaycan ərazisinin 13 faizinin minalarla çirkləndiyini bildirdim. Qərbi azərbaycanlıların fundamental hüquqlarının, mədəni irsinin qorunmasının, qərarların qəbulunda iştirakının və təhlükəsiz, ləyaqətli geri qayıdış hüququnun təmin edilməsinin vacibliyini qeyd etdim. Əsas mesajım bu oldu ki, davamlı sülh inklüziv olmalı və Qərbi azərbaycanlıların fundamental insan hüquqlarına hörmət edilməlidir.
Sessiyanın üç əsas müzakirə bloku bir-birini tamamlayan istiqamətləri əhatə edirdi: hüquqi və institusional mexanizmlərin gücləndirilməsi, azlıqların səsinin qərarvermədə nəzərə alınması və mövcud hüquqların icrasının təmin edilməsi.
Birinci blok — azlıqların hüquqlarını təşviq edən regional çərçivələr, mexanizmlər və təşəbbüslər
Regional insan hüquqları sistemlərinin imkanları, beynəlxalq standartların tətbiqi və müdafiə boşluqlarının aradan qaldırılması müzakirə olunurdu. Vətəndaş cəmiyyətinin əməkdaşlığına və qəbul edilmiş standartların real icrasına xüsusi diqqət yetirilirdi.
İkinci blok — azlıqların səsinin regional səviyyədə səmərəli təmsil olunması
Azlıqların qərarvermədə iştirakına mane olan maliyyə, dil, hüquqi və siyasi əngəllər, onların aradan qaldırılması yolları nəzərdən keçirilirdi. İcmaların onlara aid qərarların formalaşdırılmasında təsirli iştirakı və BMT platformalarından istifadə imkanları önə çəkilirdi.
Üçüncü blok — monitorinq, məhkəmə müdafiəsi və digər hesabatlılıq vasitələri ilə azlıqların hüquqlarının təmin edilməsi

Hüquqi normaların praktik müdafiəyə çevrilməsi, ədalət mühakiməsinə çıxış və regional qərarların icrası müzakirə olunurdu. Monitorinq, məhkəmə müdafiəsi, dövlət hesabatları və vətəndaş cəmiyyətinin fəaliyyəti əsas vasitələr kimi nəzərdən keçirilirdi.
Sessiyanın gündəliyinə əsasən, panel müzakirələrindən irəli gələn tövsiyələr BMT-nin azlıqların məsələləri üzrə xüsusi məruzəçisinin İnsan Hüquqları Şurasının 64-cü sessiyasına təqdim edəcəyi yekun sənədə daxil ediləcək.
Forumun gündəliyi azlıqların hüquqlarının müdafiəsinə ardıcıl yanaşmanın vacibliyini göstərir: hüquqi təminatlar yaradılmalı, icmalar qərarvermədə iştirak etməli və qəbul edilən öhdəliklərin icrası səmərəli mexanizmlərlə dəstəklənməlidir. Bu istiqamətlər üzrə beynəlxalq və regional əməkdaşlıq qarşılıqlı etimadın və inklüziv cəmiyyətlərin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Rizvan NƏBİYEV
Milli Məclisin deputatı




