JD Vance “uğurlu yekun razılaşma” üçün yaxşı təməl qoyduqlarını söylədi

İsveçrənin Buergenstock şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar davam edərkən, əvvəllər imzalanmış anlaşma memorandumunun detallarının dəqiqləşdirilməsi gözlənilir.

ELAZ.İNFO xəbər verir ki, həftəsonu İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirən ABŞ vitse-prezidenti JD Vance, “uğurlu yekun razılaşma” üçün yaxşı təməl qoyduqlarını söylədi.

DANIŞIQLARIN HAZIRKI VƏZİYYƏTİ

İsveçrədə ABŞ və İran arasında keçirilən yüksək səviyyəli danışıqlarda 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi barədə razılığa gəlindi.

Bu inkişafla eyni vaxtda ABŞ Maliyyə Nazirliyi 21 avqusta qədər İran xam nefti və neft-kimya məhsullarının istehsalına, çatdırılmasına və satışına icazə verən müvəqqəti ümumi lisenziya verdi.

İRAN TEXNİKİ DANIŞIQLARA BAŞLAMAQ ÜÇÜN ŞƏRTLƏRİ TƏQDİM EDİR

İran Xarici İşlər Nazirliyinin sözçüsü və danışıqlar aparan nümayəndə heyətinin üzvü İsmayıl Bekai, nümayəndə heyətinin danışıqlardan sonra Tehrana qayıtdığını və anlaşma memorandumunun müddəalarını həyata keçirmək üçün texniki işçi qruplarının yaradıldığını bildirdi.

İranın rəsmi xəbər agentliyi IRNA-ya danışan Bekai, hər iki tərəfdən texniki qrupların çərşənbə axşamı günündən etibarən işlərini bərpa edəcəyini söylədi.

ABŞ və İran nümayəndə heyətlərinin dördtərəfli görüşdə nüvə məsələsi ilə bağlı mövqelərini təqdim etdiklərini, lakin bunun rəsmi danışıqlar çərçivəsində baş tutmadığını qeyd edən Bekai, yekun razılaşmaya doğru danışıqların başlamasının anlaşma memorandumunun 1, 4, 5, 10 və 11-ci maddələrinin icrası şərti olduğunu vurğuladı.

Bekai həmçinin bildirib ki, müqavilənin birinci maddəsinin icrasını izləmək üçün Livanda “münaqişələrin həlli hücrəsi” mexanizmi yaradılacaq.

Danışıqların uğurunu qiymətləndirən Pakistanın Baş naziri Şahbaz Şərif İsveçrədəki danışıqların müsbət və konstruktiv atmosferdə başa çatdığını və irəliləyişin təşviqedici olduğunu açıqlayıb.

Şərif bildirib ki, tərəflər 60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi və siyasi nəzarəti təmin etmək üçün yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər və texniki müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qətər və Pakistanın birgə bəyanatı da İsveçrədəki danışıqların uğurunu təsdiqləyib.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın