Donald Tramp: -“İran ABŞ-a hörmət göstərməsə, vəziyyət dəyişə bilər”

ABŞ Prezidenti Donald Tramp davam edən danışıqlarla bağlı deyib:

-“Əgər İran müqavilənin şərtlərini yerinə yetirməsə və ya lazımi şəkildə davranmasa, mən etməli olduğumu edəcəyəm”.

ELAZ.İNFO Anadolu Ajansa istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisində keçirilən imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

İranın ABŞ üzərində hər hansı bir təsir gücünə malik olub-olmadığı ilə bağlı suala cavab olaraq Tramp Tehran rejiminin ciddi itkilər verdiyini iddia edərək bildirib:

“Onların donanması yoxa çıxıb, hava qüvvələri yoxa çıxıb, liderləri ölüb, iqtisadiyyatları çöküb”. İranın hərbi potensialının böyük ölçüdə aradan qaldırıldığını iddia edən Tramp ölkənin raket, pilotsuz təyyarə və hava hücumundan müdafiə sistemlərinə də ciddi ziyan dəydiyini iddia edib.

Hörmüz boğazının açıq qalmasına işarə edən Tramp deyib:

“Biz iki vacib nəticə əldə etdik. Birincisi, boğaz açıqdır və açıq qalacaq. İkincisi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

ABŞ-ın bölgədəki hərbi üstünlüyünü vurğulayan Tramp bildirib ki, “Hörmüz boğazı üzərində tam nəzarətimiz var. İran razılaşmanın şərtlərini yerinə yetirməsə və ya lazımi şəkildə davranmasa, mən etməli olduğum şeyi edəcəyəm”.

Tramp İrana qarşı dəniz blokadasının hava hücumlarından daha təsirli olduğuna inandığını vurğulayıb və lazım gələrsə, oxşar tədbirin qısa müddətdə yenidən tətbiq oluna biləcəyini söyləyib.

-“Bizə hörmət etdikləri müddətcə, problemimiz olmayacaq”, – deyən Tramp əlavə edib ki, İran ABŞ-a hörmət göstərməsə, vəziyyət dəyişə bilər.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın