İstiqlal yolunda yanlış ittifaqlar və terminoloji aldatma

ELAZ.İNFO

GATƏŞ Reallığı və Güney Azərbaycan Türk Millətinin Tarixi Məsuliyyəti.

Güney Azərbaycan Türk Millətinin son yüz illik tarixi açıq şəkildə göstərir ki, bu millətin əsas faciəsi yalnız fars-mərkəzçi, işğalçı İran rejimi olmayıb. Ən az onun qədər dağıdıcı olan amil yanlış siyasi ittifaqlar, aldadıcı ideoloji terminlər və istiqlal xəttindən şüurlu şəkildə uzaqlaşdıran alternativlər olub. Bu gün “Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası” (GATƏŞ) ətrafında formalaşan mənzərə də məhz bu tarixi səhvlərin təkrar olunmaq üzrə olduğunu göstərir.

GAİP: Aydın və Prinsipial İstiqlal Xətti

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) mövcud İran rejiminə qarşı açıq, birmənalı və güzəştsiz istiqlal mövqeyi ortaya qoyan siyasi təşkilatdır. GAİP-in ideologiyası Güney Azərbaycanın tarixi torpaqlarında suveren, demokratik, dünyəvi və unitər milli dövlətin qurulmasını əsas hədəf kimi qəbul edir.

Bu partiya mərkəzi hakimiyyətin istənilən fars-dominant formasını rədd edir, federalizm və muxtariyyət kimi modelləri milli dövlətçiliyə alternativ deyil, onun inkarı kimi qiymətləndirir. GATƏŞ tərkibində yer alan 8 təşkilat arasında ən açıq və prinsipial istiqlal mövqeyi məhz GAİP-ə məxsusdur və bu mövqe Güney Azərbaycan Türk Millətinin istiqlal istəyini daşıyan kütlələr tərəfindən dəstəklənir.

GAQP: Sənədlə Ritorika Arasındakı Uyğunsuzluq

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) rəhbərliyinin çıxışlarında Güney Azərbaycanda milli hökumətin yaradılması tez-tez vurğulanır. 13 dekabr 2025-ci il tarixində Stokholmda, 21 Azər seminarında səsləndirilən bəyanatlar da bunu təsdiqləyir. Halbuki partiyanın rəsmi sənədlərində Güney Azərbaycanda unitər dövlətin qurulması açıq şəkildə qeyd olunub.

Burada ciddi bir ziddiyyət ortaya çıxır:
İstiqlal sənədlərdə qalır, siyasi ittifaqlarda isə İran daxilində qalmağı qəbul edən strukturlarla yanaşı addımlanır. Halbuki istiqlal yalnız bəyanatla deyil, kiminlə birlik qurduğunla ölçülür.

MDA və “Alternativ” Adı Altında Geri Dönüş

Güney Azərbaycan Milli Dövlət Alyansı (MDA) siyasi partiya olmasa da, adında “dövlətçilik” ifadəsini daşıyır. Lakin son illərdə bu qurum Güney Azərbaycanda istiqlala alternativ kimi federalizm və “milli hökumət” modelini təbliğ edir. Bu ideoloji xətt GünAz TV kimi platformalarda serial proqramlar vasitəsilə yayımlanaraq millətin istiqlal iradəsini zəiflətməyə xidmət edir.

Bu, irəliyə atılmış addım deyil — iki addım geri çəkilməkdir.

Digər Beş Təşkilat: İranın Ərazi Bütövlüyünə Sədaqət

GATƏŞ tərkibində yer alan digər təşkilatların mövqeyi isə açıqdır:

Azərbaycan Demokrat Firqəsi (ADF): İranın ərazi bütövlüyü çərçivəsində muxtariyyət, üstəlik İran Tude Partiyası ilə ideoloji yaxınlıq.

Azərbaycan Mərkəz Partiyası (AMP): İranın ərazi bütövlüyü və şübhəli siyasi-biznes əlaqələri.

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş): Federal İran modeli.

Azərbaycan Öyrənci Hərəkatı (AZOH): Federalizm və artıq real tələbə bazasından qopma.

Güney Azərbaycan Demokrat Partiyası (GADP): Federalizm və populist ritorika ilə milli şüurun manipulyasiyası.

Bu təşkilatların hamısı İranın ərazi bütövlüyünü əsas prinsip kimi qəbul edir. Bu isə dəyişməz bir həqiqəti göstərir:
İranın ərazi bütövlüyü – Güney Azərbaycan Türk Millətinin istiqlalının inkarıdır.

“Milli Hökumət” Şüarı: Terminoloji Səhv Yox, Strateji Aldatma

Son illərdə Güney Azərbaycanda şüarlarda “Milli Dövlət” anlayışının yerinə məqsədli şəkildə “Milli Hökumət” terminindən istifadə edilməsi sadəcə terminoloji səhv deyil. Bu, Güney Azərbaycan Türk Millətini aladaraq İranın ərazi bütövlüyünü qorumağa yönəlmiş strateji manipulyasiyadır.

Hökumət keçicidir. Dövlət isə suverenlik, sərhəd, ordu, xarici siyasət və beynəlxalq hüquqi subyektlik deməkdir. “Milli hökumət” deyənlər, şüurlu və ya şüursuz şəkildə, milləti İran adlı işğalçı strukturun daxilində saxlayan modeli qəbul etdirirlər.

Bu termin belə bir mesaj verir:
Dövlət yox, hökumət; istiqlal yox, idarəçilik; suverenlik yox, İran çərçivəsi.

Tarix sübut edib ki, İran daxilində qurulan bütün “milli hökumətlər” ya qan içində boğulub, ya da fars rejiminin alətinə çevrilib. Buna baxmayaraq bu anlayışın yenidən dövriyyəyə buraxılması istiqlal ideyasını zəiflətmək və milləti əsas hədəfdən yayındırmaq məqsədi daşıyır.

Açıq demək lazımdır:
Milli dövlətçiliyin yerinə “milli hökumət” şüarı səsləndirmək — İranı qorumaqdır.

İstiqlalçılar Üçün Tarixi Məsuliyyət

Burada fundamental sual ortaya çıxır:
İstiqlalçı olduğunu deyənlər necə olur ki, Güney Azərbaycan Türk Millətinin son yüz ildə üzləşdiyi soyqırımı, repressiyanı, dil yasaqlarını və talanı görməzlikdən gələn irançı və federalçı qüvvələrlə eyni platformada yer alırlar?

Bu mövqe ya cahillik, ya da xəyanətdir.

Bu gün Güney Azərbaycan Türk Milləti tarixi bir fürsətin astanasındadır. Belə bir mərhələdə yanlış ittifaqlara göz yummaq istiqlal yolunu bağlamaq deməkdir.

İstiqlala inanan soydaşlarıma açıq çağırış edirəm:
Əgər bir təşkilat sizi irançı və federalçı xəttin yanına sürükləyirsə, o təşkilatın adı yox, millətin gələcəyi əsasdır. Belə hallarda rəhbərləri bir kənara qoyub birbaşa istiqlal və müstəqillik cəbhəsinə keçmək tarixi borcdur.

Çünki Güney Azərbaycan Türk Millətinin mübarizəsi hökumət uğrunda deyil —
DÖVLƏT uğrundadır.

Rıza Qaraçay

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights