İlham Əliyev Mərkəzi Asiya ilə iqtisadi əlaqələrdən danışdı: Ticarət dövriyyəsində 50 faizdən çox artım


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində son dövrdə artım qeydə alınıb. Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı ötən il qarşılıqlı ticarət dövriyyəsinin 50 faizdən çox artdığını bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən 400-dən çox şirkət var. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları da yaradıb. İlham Əliyev bu fondların imkanlarından daha fəal istifadə edilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxışda nəqliyyat və tranzit əlaqələri də xüsusi yer tutub. Xəzər dənizi vasitəsilə yükdaşımaların artması, limanların, dəmir yollarının və avtomobil yollarının inkişafı regionun beynəlxalq bazarlara çıxışı baxımından əhəmiyyətli istiqamətlər kimi təqdim edilib. Prezident Orta Dəhlizin əhəmiyyətinin artdığını qeyd edərək, bu marşrutla daşınan tranzit yüklərin həcminin ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə əlavə olaraq təxminən 20 faiz artdığını bildirib.
Enerji əməkdaşlığı da müzakirə olunan əsas mövzulardan olub. Azərbaycanın Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında iştirak etdiyi, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql olunduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlərin davam etdiyi bildirilib.
Görüşdə səsləndirilən rəqəmlər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmadığını, ticarət, investisiya, nəqliyyat və enerji sahələrini də əhatə etdiyini göstərir. Qarşıdakı mərhələdə əsas məsələlərdən biri mövcud əməkdaşlıq mexanizmlərinin konkret birgə layihələrə və iqtisadi nəticələrə çevrilməsi olacaq.
İlahə BAYINDIR





