Cəbrayılda faciəvi hadisə: Minaya düşən oğlunun ardınca atası da xəsarət aldı


ELAZ.İNFO xəbər verir ki, Cəbrayıl rayonunda baş verən iki ayrı mina partlayışı eyni ailənin iki üzvünün xəsarət alması ilə nəticələnib. Hadisələr işğaldan azad edilmiş Dağmaşanlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Hadisədən bir müddət sonra Orxanın atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov da həmin əraziyə daxil olarkən mina partlayışına məruz qalıb. O da xəsarət alıb. Məlumatlara əsasən, ata və oğul şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.
Faktlarla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. Müvafiq dövlət qurumları vətəndaşlara minalarla çirklənmiş və təhlükəsizliyi təsdiqlənməmiş ərazilərə daxil olmamağı, xəbərdarlıq nişanlarına diqqət yetirməyi və şübhəli əşyalara toxunmamağı bir daha tövsiyə edib.
Bu hadisə azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də real olduğunu xatırladır. Əraziyə yaxşı bələd olmaq belə təhlükəsizliyə zəmanət vermir; yalnız təmizlənməsi və təhlükəsizliyi təsdiqlənmiş sahələrdə hərəkət etmək həyati əhəmiyyət daşıyır.
Günel GÜNTAC





