Əlövsət Allahverdiyev: -“Şəxsiyyətlər haqqında mübahisələr aparmaq mümkündür, lakin…”

-“Son zamanlar Səməd Vurğun haqqında ardıcıl şəkildə səsləndirilən xoşagəlməz iddialar məni hər dəfə düşündürür, bu məsələyə münasibət bildirməyə sövq edirdi. Doğrudur, bu sahə mənim peşə fəaliyyətimlə birbaşa bağlı deyil, lakin özümü ədəbiyyatdan uzaq təsəvvür etmədiyim kimi, bir vətəndaş olaraq da belə müzakirələrə biganə qala bilmərəm. Məhz buna görə məsələ ilə bağlı fikirlərimi bölüşməyi özümə mənəvi borc hesab etdim”.

ELAZ.İNFO xəbər verir ki, bu fikirlər hüquqşünas Əlövsət Allahverdiyevə məxsusdur. O özünün sosial şəbəkə hesabında daha sonra yazır ki, “Səməd Vurğun Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş böyük şairdir. Onun yaradıcılığı milli poeziyamızın inkişafında mühüm mərhələ təşkil edir. Vətənə, xalqa, ana dilinə və milli-mənəvi dəyərlərə bağlılıq onun əsərlərinin əsas qayəsini təşkil etmişdir. Bu gün də onun şeirləri sevilərək oxunur, əsərləri araşdırılır və Azərbaycan ədəbi fikrinin qiymətli nümunələri kimi dəyərləndirilir”.

Əlövsət Allahverdiyev bildirir ki, “Tarixi şəxsiyyətlərə və sənət adamlarına münasibətdə fərqli baxışların olması təbiidir. Ancaq hər bir sənətkarın fəaliyyətinə onun yaşadığı dövrün ictimai-siyasi reallıqları fonunda qiymət vermək daha obyektiv yanaşmadır. Səməd Vurğunun yaradıcılıq irsi isə bütün mübahisələrdən kənarda Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ən qiymətli sərvətlərindən biri olaraq qalır. Səməd Vurğunun siyasi mövqeyi haqqında müxtəlif mübahisələr aparmaq mümkündür, lakin onun Azərbaycan dilinə, poeziyasına və teatrına təsirini inkar etmək çox çətindir. Qeyd etdiyim kimi, onun ədəbi irsi bu gün də öyrənilir, səhnələşdirilir və oxunur. Məhz bu amillər, onun böyük şair olmasını təsdiq edir”.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın