Dövlət əleyhinə çıxışlar edən 7 nəfər beynəlxalq axtarışa verilib

20.10.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə görə açıq çağırışlar edənlərlə bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.

Bu əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.

Adlı siyahı təqdim edirik

*İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:*

1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən *Rıdvan Kaya;*

2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı *Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);*

3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi *Fatih Tezcan;*

4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri *Ahmet Şanlı;*

5. 1971-ci il təvəllüdlü araşdırmaçı *Fahrettin Taşkaya Saral;*

6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

7. moderator və idmançı kimi fəaliyyət göstərən *Alparslan Tanrıkulu*

Sözardı: Baş Prokurorluq bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur. Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.

İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcəkdir.

Aydan

Bizi izləyin və paylaşın
👁25
Teqlər: