Əsrlərin tarixini yaşadan küçələri, daş memarlığı, dar döngələri və təkrarsız atmosferi ilə İçərişəhər hər zaman kino yaradıcılarının diqqətini cəlb edir.
ELAZ.İNFO xəbər verir ki, İçərişəhərin özünəməxsus siması və təbii kino atmosferi onu onilliklərdir böyük ekran üçün seçilən unikal məkana çevirib. Təsadüfi deyil ki, müxtəlif illərdə kinosevərlərin qəlbində taxt kuran bir çox məşhur ekran əsərlərinin yadda qalan səhnələri məhz burada lentə alınıb:
“Brilyant əl, Amfibiya adam, Tehran-43, Qorxma, mən səninləyəm!, Əli və Nino, Bakı, mən səni sevirəm”


Kino klassikasından müasir beynəlxalq layihələrədək zəngin ənənəyə sahib olan İçərişəhərdə bu gün də çəkilişlər davam edir. Dünya şöhrətli aktyor Ceki Çanın iştirakı ilə çəkilən “Tanrının zirehi IV: Ultimatum” filminin çəkilişləri üçün seçilən əsas məkanlardan biri də məhz İçərişəhər olub. Çəkilişlər çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Ceki Çanla görüşüb. Görüşün sonunda dünya şöhrətli ulduza xalqımızın zəngin mədəni irsini və milli sənətkarlıq ənənələrini özündə əks etdirən “Dastan” brendinə məxsus xatirə hədiyyəsi təqdim olunub. Onilliklər keçir, filmlər və nəsillər dəyişir, amma İçərişəhər öz sehrli cazibəsi ilə kino dünyasını özünə çəkməyə davam edir.
Ruslan MƏMMƏDOV


